DÜNYA
“AirBaltic” aviaşirkəti Latviyanın Estoniyada ən uğurlu şirkəti seçilib
Tallin, 21 oktyabr, AZƏRTAC
“AirBaltic” aviaşirkəti Estoniyada Latviyanın ən uğurlu şirkəti seçilib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, Estoniyanın Baş naziri Kaya Kallas və Latviyanın Baş naziri Krişyanis Karinş “AirBaltic” şirkətinə “Livoniya” mükafatını təqdim ediblər.
Bildirilib ki, bu mükafat hər il Latviyanın Estoniyada, həmçinin Estoniyanın Latviyada ən uğurlu şirkətinə təqdim olunur.
Qeyd edək ki, “AirBaltic” şirkəti Tallindən Amsterdam, Berlin, Brüssel, Kopenhagen, London, Malaqa, Münhen, Nitsa, Oslo, Paris, Salzburq, Stokholm və Vilnüsə, habelə Riqa üzərindən digər istiqamətlərə birbaşa uçuşlar təklif edir.
“Livoniya” mükafatı Estoniyada fəaliyyət göstərən Latviya şirkətlərinin təşəbbüsü ilə təsis edilib və ilk dəfə 2013-cü ildə qonşu ölkələr arasında əməkdaşlığın dəstəklənməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə təqdim olunub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin