DÜNYA
“Airbus” hidrogenlə işləyəcək təyyarələrin istehsalını sürətləndirmək üçün Nantes və Bremeni seçir
Paris, 19 iyun, AZƏRTAC
“Airbus” təyyarə istehsalı şirkəti motoru hidrogenlə işləyəcək təyyarəyə inanır və bu istiqamətdə işlərini sürətləndirməyə qərar verib. Avropa təyyarə istehsalçısı “Airbus” bu məqsədlə Fransanın Nant və Almaniyanın Bremen şəhərləri yaxınlığında iki “sıfır emissiya inkişaf mərkəzi” (ZEDC) açacağını bildirib.
AZƏRTAC xəbər verir ki, bu haqda “Airbus” şirkəti məlumat yayıb. Şirkət bildirib ki, ZEDC-lərin məqsədi sıfır emissiyalı təyyarələri uğurla bazara çıxarmaq və hidrogenlə işləyəcək motor texnologiyalarının inkişafını sürətləndirmək üçün rəqabətli xərclərlə hidrogen çənləri quraşdırmaqdır. Çənlərin dizayn və inteqrasiyası gələcəkdə hidrogenlə işləyəcək təyyarənin performansı üçün çox vacibdir. Bu iki inkişaf mərkəzi bir-birini tamamlayacaq və 2023-cü ilədək maye hidrogen çənləri yaratmaq üçün tam fəaliyyət göstərəcəklər.
Qeyd edilir ki, kerosinlə müqayisədə hidrogendən istifadə daha mürəkkəbdir. Belə ki, hidrogenin mayeləşməsi üçün onu -250 C0- də saxlamaq lazımdır. Hidrogenlə işləyəcək təyyarənin ilk uçuş sınağı 2025-ci ilə planlaşdırılır.
Qeyd edək ki, “Airbus” sıfır emissiyalı təyyarə ilə bağlı 3 konsepsiya hazırlayıb və onlar motoru hidrogenlə işləyəcək. Təyyarələr gövdəsinin arxa hissəsində yerləşən çənlərdə saxlanılan hidrogenlə işləyən qaz turbinlərindən istifadə edəcək. Bu layihənin reallaşması hava limanlarının böyük miqdarda hidrogen nəqlinə və saxlanmasına imkan verəcək infrastrukturdan asılıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris