ELM VƏ TƏHSİL
Akademik: AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA ilə DGK arasına əməkdaşlıqdan bəhs edib. Qeyd edib ki, 1993-cü ildən başlayaraq AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində intellektual dəstək verib, İnformasiya Texnologiyaları İnstitutunun bir şöbəsinin əməkdaşları DGK-ya yönəldilib: "Bu əməkdaşlığın nəticəsində DGK müvafiq sahədə böyük uğurlar əldə edib. Təsadüfi deyil ki, 2002-ci ildə BMT-nin İnkişaf Proqramı Dövlət Gömrük Komitəsinin İKT sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib".
Hazırda ölkədə biliklər cəmiyyətinin formalaşdırıldığını deyən AMEA-nın akademik-katibi Azərbaycanın iqtisadi maraqlarının qorunması, iqtisadi təhlükəsizliyinin təmin edilməsinin qarşıda duran mühüm məsələlərdən olduğunu vurğulayıb. Əlavə edib ki, bütün bu vəzifələrin icrası elmi dəstəyə, intellektual potensiala əsaslanır.
R.Əliquliyev bildirib ki, gömrük işində təhlükələrin, risklərin və bu kimi halların qarşısının alınmasında İKT prioritet sahələrdən biridir. DGK-da əldə olunan irihəcmli məlumatların emalı və təhlili üçün “Big Data” və superkompüter texnologiyalarından istifadə zəruridir. R.Əliquliyev bütün bunların memorandumda öz əksini tapdığını və AMEA-nın gələcəkdə də qeyd olunan istiqamətdə DGK-ya lazımi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Akademik qeyd olunan məsələlərin, ümumən gələcək planların, həyata keçiriləcək tədbir və layihələrin müzakirəsi məqsədilə AMEA ilə DGK-nın birgə “dəyirmi masa” keçirməsi təklifini irəli sürüb.