ELM VƏ TƏHSİL
Akademik Akif Əlizadə “China Daily” qəzetinə müsahibə verib
Bakı, 24 may, AZƏRTAC
“China Daily” qəzeti AMEA prezidenti, akademik Akif Əlizadənin Pekində keçirilmiş “Asiya sivilizasiyaları dialoqu” beynəlxalq konfransında söylədiyi məruzədən çıxarışlar dərc edib. Məruzə “Asiyada sivilizasiyalar dialoqu və Azərbaycanın tarixi təcrübəsi” mövzusuna həsr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “China Daily” qəzetində “Sivilizasiyaları yaxınlaşdıran dialoq” sərlövhəsi ilə dərc edilən yazıda akademik Akif Əlizadədən sitat gətirilərək Asiyanın dünyanın ən böyük iqtisadiyyatlarına malik Çin, Yaponiya, Hindistan, Koreya Respublikası, İndoneziya və Tailandın vətəni olduğu qeyd edilib. Vurğulanıb ki, Çin iqtisadiyyatı sosial-iqtisadi inkişafın yeni modeli sayəsində dünyada xüsusi mövqeyə malikdir və öz tarixi mədəniyyətinin əsas elementlərini qoruyub saxlayır. Bu gün inkişafı ilə Asiya, eləcə də dünya ölkələri arasında yüksək nüfuza sahib olan Azərbaycan mədəniyyətlər və sivilizasiyalar arasında beynəlxalq əməkdaşlığın və anlaşmanın gücləndirilməsinə mühüm töhfələr verir, sivilizasiyaların dialoquna kömək edir.
Akademik Akif Əlizadə “China Daily” qəzetinin elmi reportyoru Zhang Zhihaonun suallarını da cavablandırıb. Müsahibədə Çin ilə Azərbaycan arasında elmi əməkdaşlıq perspektivləri, bu əməkdaşlığın iki ölkə arasında elm və mədəniyyət mübadiləsinin gücləndirilməsində rolu məsələlərinə toxunulub.