ELM VƏ TƏHSİL


Akademik Akif Əlizadə: Rusiya Elmlər Akademiyası ilə saziş Azərbaycan elmi üçün prioritet istiqamətlər açır

Bakı, 21 may, AZƏRTAC 

Rusiya Elmlər Akademiyası (REA) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanan elmi-texniki əməkdaşlıq haqqında saziş gələcəkdə REA ilə texniki və humanitar istiqamətlərdə əlaqələri genişləndirmək və gücləndirmək məqsədini daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləyib. O deyib: “REA-nın prezidentinin AMEA-ya gəlişi bizim bu elm ocağı ilə 20 il öncə imzaladığımız müqaviləni təkmilləşdirərək, dünya elminin tələblərini əks etdirən yeni sazişə çevirməyə imkan verdi”.

Akif Əlizadə iki elmi qurum arasında imzalanan müqavilənin Azərbaycan elmi üçün prioritet istiqamətlər açdığını vurğulayıb. Akademik birinci istiqamətin Xəzər dənizi ilə bağlı problemlərin öyrənilməsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, buraya Xəzərin bioloji müxtəlifliyi, geologiyası, geodinamikası, dib çöküntülərinin öyrənilməsi, eləcə də rusiyalı alimlərlə birgə Xəzər dənizində arxeoloji axtarışlarla əlaqədar kompleks multidissiplinar tədqiqatların aparılması daxildir.

AMEA prezidenti bildirib ki, saziş çərçivəsində, həmçinin Qafqazın tarixi, burada insanların məskunlaşması, miqrasiyası və digər istiqamətlərdə birgə tədqiqatların həyata keçirilməsi nəzərdə tutulur.

Akademik Akif Əlizadə dənizaltı arxeoloji, sahil arxeoloji, eləcə də arxeogenetik tədqiqatların müasir dövrdə aktuallıq təşkil etdiyini bildirib, bu kimi elmi problemlərin də birgə araşdırılmasının qarşıda duran əsas hədəflərdən olduğunu deyib.

Akif Əlizadə AMEA ilə REA arasında qurulan elmi əlaqələrin iki ölkənin rəhbərliyi tərəfindən dəstəkləndiyini söykəyib, gələcəkdə daha uğurlu elmi nəticələrin əldə ediləcəyinə əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.