ELM VƏ TƏHSİL
Akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru adı verilib
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik A.Əlizadənin həyat və fəaliyyətindən, elmin inkişafındakı müstəsna xidmətlərindən danışıb.
Akademik A.Əlizadənin görkəmli elm xadimi kimi çoxşaxəli fəaliyyətindən söz açan rektor onun ADNSU-nun məzunu olduğunu, universitetin müəllim və tələbələrinin bununla qürur duyduqlarını vurğulayıb. Akademik A.Əlizadənin doğma təhsil müəssisəsi ilə sıx əlaqə saxladığını diqqətə çatdıran M.Babanlı ADNSU-da çalışan əməkdaşların, neftçi və geoloqların, eləcə də elmdə ilk addımlarını atan gənclərin onun qayğı və dəstəyini daim hiss etdiklərini bildirib.
Təhsil naziri Ceyhun Bayramov akademik Akif Əlizadənin ölkəmizdə elmin, xüsusilə geologiya və geofizika elminin tərəqqisində, gənc elmi kadrların inkişafında əvəzsiz rolunu qeyd edib.
Görkəmli alim A.Əlizadənin respublikanın sabit inkişafını təmin edən neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqlarının kəşf edilməsində mühüm xidmətlərini vurğulayan C.Bayramov onun şərəfli ömür yolunun hər bir tələbə və gənc alim üçün örnək olduğunu söyləyib.
ADNSU-nun professoru Pərviz Məmmədov, universitetin nəzdindəki Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Elmira Ramazanova akademik A.Əlizadənin elmə verdiyi dəyərli töhfələrdən danışıblar.
Tədbirdə çıxış edən akademik A.Əlizadə ADNSU-da təhsil aldığı illəri xatırlayıb, bu ali təhsil ocağında çalışan müəllimlərinin əməyini yüksək dəyərləndirib.
Yeni tələblərə cavab verən, bilikli və bacarıqlı mütəxəssislərin hazırlanmasında ali məktəblərin rolunu vurğulayan alim ADNSU-da təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərin əhəmiyyətindən bəhs edib, təhsil müəssisəsinin uğurlarına sevindiyini söyləyib.
Sonra professor M.Babanlı akademik A.Əlizadəyə ADNSU-nun fəxri professoru diplomunu təqdim edib.
ADNSU-nun rektoru tələbələrə akademik Akif Əlizadə adına təqaüdün verilməsinin nəzərdə tutulduğunu bildirib.