ELM VƏ TƏHSİL
“Akademik Əli Quliyev adına mükafat”ın növbəti qalibi müəyyənləşdiriləcək
Bak, 3 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) elmi şurasının qərarına uyğun olaraq Gənc Alim və Mütəxəssislər Şurası “Akademik Əli Quliyev adına mükafat”ın 2015-ci il üzrə növbəti laureatını seçmək üçün müsabiqə elan edir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, qərara əsasən bu mükafata institutda çalışan və yüksək elmi nəticə göstərən gənc alimlər layiq görüləcəklər.
Namizədlərin seçimi zamanı onların nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnallarda məqalələrinin dərc olunması, beynəlxalq konfranslarda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi əsas meyarlara üstünlük veriləcək.
İnstitutun mükafat üzrə ekspert komissiyası tərəfindən seçiləcək bir namizəd AKİ-nin elmi şurasının müzakirəsinə veriləcək. Şura üzvləri tərəfindən müzakirələr aparıldıqdan sonra qərar qəbul ediləcək.
Seçilmiş namizədə diplom və pul mükafatı akademik Əli Quliyevin doğum günü ərəfəsində təqdim olunacaq.