ELM VƏ TƏHSİL


Akademik Arif Həşimov Azərbaycanda səfərdə olan bir qrup xarici alimlə görüşüb

Bakı, 26 may, AZƏRTAC

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Bakıda keçirilən 13-cü Beynəlxalq Termal Mühəndislik Konfransı çərçivəsində Azərbaycana gəlmiş bir qrup xarici alimlə görüşüb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Arif Həşimov qonaqlara AMEA-nın tarixi, əldə etdiyi nailiyyətləri barədə məlumat verib. AMEA-nın ötən müddət ərzində həm Azərbaycanın, həm də keçmiş SSRİ-nin ən görkəmli alimlərini yetişdirdiyini deyən akademik bu gün akademiyada Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb, Humanitar və İctimai Elmlər bölmələrinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, sözügedən bölmələrdə qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun, iqlim dəyişiklərinə, ətraf mühitin sağlamlaşdırılmasına, su ehtiyatlarına, dayanıqlı enerji mənbələrindən səmərəli istifadəyə, neft kimyasına, Azərbaycanın və Cənubi Qafqazın flora və faunasına, eləcə də ölkəmizin dilinə, tarixinə, ədəbiyyatına, əlyazmalarına və s. aid mühüm tədqiqatlar aparılır. Dünyada açıq dənizdə neft ilk dəfə Xəzərdə Neft Daşlarında çıxarılıb və həmin quyuların və digərlərinin geoloji-kəşfiyyat işlərində AMEA-nın alimləri yaxından iştirak ediblər.

Akademik bu il AMEA-nın təşkilatçılığı ilə Türkiyə, İran, İspaniya, Bolqarıstan, Rumıniya, Norveç və digər ölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfransın keçiriləcəyini bildirib və qonaqları tədbirə dəvət edib.

Sonra çıxış edən Lotaringiya Universitetinin professoru Mohammed El Ganaoui dəvətə görə minnətdarlığını bildirib və həmkarlarını AMEA nümayəndələrinə təqdim edib. Akademiya ilə əməkdaşlığın önəminə toxunan M.Ganaoui görüşün gələcəyə doğru birgə addımların atılmasında xüsusi rol oynayacağını deyib və müzakirələrin müsbət nəticə verəcəyini söyləyib. O, həmçinin birgə kadrların hazırlanması, doktorantların bilik səviyyəsinin artırılması, yay məktəblərinin təşkili sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

Görüşdə Mərakeşin Elm və Texnologiya Akademiyasının professoru Abdelilah Benyoussef, Mərakeşin MAScIR Fondunun departament rəhbəri Zouheir Sekkat, Kasablanka Universitetinin əməkdaşı Maha Ayache, Lill Universitetinin professoru Ali Zaoui və Limoj Universitetinin dosenti Helene Ageorges çıxış edərək təmsil etdikləri qurumlar və apardıqları tədqiqatlar barədə danışıblar. Çıxışlarda iqlim dəyişikliyi, kvant fizikası, nanomateriallar, nanotexnologiyalar, optiklər, fotoniklər və digər sahələrdə əməkdaşlıqla bağlı fikirlər qeyd olunub.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva isə hazırda akademiya ilə Fransanın Monpelye Universitetinin birgə həyata keçirdiyi doktorantura proqramı və kadr hazırlığı barədə məlumat verib.

Sonda çıxış edən akademik Arif Həşimov əməkdaşlığın gələcək tədqiqatlar və nailiyyətlərin əldə edilməsində mühüm rol oynayacağını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.