ELM VƏ TƏHSİL


Akademik Arif Həşimov Biologiya və Tibb Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri ilə görüşüb

Bakı, 13 may, AZƏRTAC

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Biologiya və Tibb Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri ilə görüşüb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüş AMEA-nın Ümumi yığıncağının davamı olaraq təşkil edilib.

Tədbirdə çıxış edən akademik Arif Həşimov bildirib ki, Ümumi yığıncaqda elmimizin gələcək inkişaf dinamikası ilə əlaqədar hansı strateji tədqiqatların aparılması, innovativ layihələrin tətbiqi, Akademiyanın maliyyə mexanizminin təkmilləşdirilməsi, büdcədənkənar vəsaitlərin cəlb edilməsinin genişləndirilməsi və ümumilikdə yol xəritəsinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin bölmələrdə davam etdirilməsi qərara alınıb.

Arif Həşimov elmi bölmələrin təklifləri əsasında Rəyasət Heyətinin yekun sənədi qəbul edəcəyini diqqətə çatdırıb.

Bu gün akademiyanın elmi bölmələrinin həqiqi və müxbir üzvlərinin sayının kifayət qədər olmadığını vurğulayan Arif Həşimov bu problemin elmimizin inkişafına təsir etdiyini söyləyib.

Akademik elmin təhlükəsizliyinin təmin edilməsinin vacib məsələlərdən olduğunu deyib, elmin qorunması üçün isə elmi mühiti qorumağın vacibliyinə toxunub. O, hazırda Biologiya və Tibb Elmləri Bölməsinin dünya, eləcə də respublika üçün aktual olan biologiya, aqrar və tibb elmlərinin problemləri, o cümlədən su ehtiyatları və ərzaq təhlükəsizliyi məsələsi ilə məşğul olduğunu, bu istiqamətdə önəmli tədqiqatlar aparıldığını, eyni zamanda, bu və digər sahələr üzrə intensiv kadr hazırlığı aparıldığını diqqətə çatdırıb.

Akademik Arif Həşimov çıxışlarda səsləndiriləcək real təkliflərin nəzərə alınacağını və yekun sənəddə əksini tapacağını vurğulayıb.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Biologiya və Tibb Elmləri Bölməsinin zəngin tarixə malik olduğunu və bu ənənələrin hazırda da davam etdirildiyini söyləyib. Qeyd edib ki, ölkə rəhbərliyinin çağırışları əsasında bölmənin elmi müəssisələrində ərzaq təhlükəsizliyi, su problemləri, koronavirus pandemiyası və digər istiqamətlərdə araşdırmalar aparılır.

Akademik İradə Hüseynova, həmçinin mayın 20-də Biologiya və Tibb Elmləri Bölməsinin və Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində, Qarabağ Elmi Tədqiqat Bazasında növbəti tarla seminarının keçiriləcəyini deyib və bu kimi tədbirlərin həm mədəni bitkilərin yeni sortlarının yaradılması və tətbiqi, həm də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı baxımından xüsusi önəm kəsb etdiyini bildirib. O, həmçinin bölmə üzvlərinin və digər aparıcı alimlərin bir çox dövlət proqramlarında və layihələrdə ekspert qismində fəal iştirak etdiklərini diqqətə çatdırıb, eyni zamanda, Biologiya və Tibb Elmləri Bölməsinin həqiqi və müxbir üzvlüyünə yeni seçkilərin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Zeynal Əkpərov isə idarəetmənin optimallaşdırılması, respublikada dissertasiya mövzuları ilə yanaşı, aparılan elmi-tədqiqat işlərinin koordinasiyası məsələlərinə diqqətin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayan mütəxəssislər yetişdirmək məqsədilə aqrar elm sahələri üzrə dissertasiya müdafiəsi və təsdiqinə tələblərin yumşaldılması ilə bağlı təkliflərini səsləndirib. O, akademiyanın ərzaq təhlükəsizliyi probleminin həlli, yeni sortların yaradılması və tətbiqi ilə bağlı kifayət qədər potensiala malik olduğunu söyləyib, bununla bağlı Bölmədə müzakirələrin aparıldığını vurğulayıb.

AMEA-nın müxbir üzvü İlham Şahmuradov isə çıxışında diqqəti maliyyələşmə mexanizminə və yeni avadanlıqların alınması probleminə çəkib. Həmçinin bir sıra sahələr üzrə terminoloji lüğətlərin yaradılmasına ehtiyac olduğunu bildirib, eləcə də problem şuralarının dissertasiya mövzularının adlarından əlavə, onların aktuallığına da nəzər yetirməsinin önəminə toxunub.

Akademik Validə Əlizadə müxtəlif təhlillər aparılmasının vacibliyinə diqqət çəkərək doktorantların xaricdə təhsil keçmələri, bir sıra elmi istiqamətlər üzrə ixtisasların təsnifatı və s. barədə təkliflərini bildirib.

AMEA-nın müxbir üzvləri Əlövsət Quliyev, Pənah Muradov, Amin İsmayılov, Saleh Məhərrəmov, Nuru Bayramov cihaz və avadanlıqlardan istifadə qaydaları, torpaq və su tədqiqatları, qrant layihələr, elmi ədəbiyyatlarla işləmək, məqalə hazırlamaq, kadr hazırlığı məsələləri, elmi-tədqiqat işlərinin səmərəliliyi, onlayn müraciət və s. məsələlər barədə çıxış edərək təklif və mülahizələrini səsləndiriblər.

Sonda akademik Arif Həşimov tədbirdə səsləndirilən bütün təkliflərə geniş şərh verərək münasibətini bildirib və Rəyasət Heyətinin iclasında qeyd edilən məsələlərin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.