ELM VƏ TƏHSİL
Akademik Arif Həşimov dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüşüb
Bakı, 13 may, AZƏRTAC
AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Yaponiyada fəaliyyət göstərən azərbaycanlı alim, Azərbaycan-Yaponiya Dostluq Assosiasiyasının sədri Xəlil Kələntərlə görüşüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik Arif Həşimov elmi diasporla əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb və müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə müştərək tədqiqatlar istiqamətində AMEA tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. Görüşdə X.Kələntərin son illərdə əldə etdiyi elmi nailiyyətləri, onların istehsalatda tətbiqi və yapon, ingilis, Koreya və digər dillərdə nəşr edilmiş elmi əsərləri müzakirə olunub, Azərbaycan alimləri ilə onun əməkdaşlığının genişləndirilməsi və təcrübə bölgüsünün əhəmiyyəti qeyd edilib. Bu məqsədlə X.Kələntərlə birlikdə AMEA Fizika İnstitutunun doktorantları üçün dissertasiya mövzularının seçilməsi və müştərək elmi rəhbərlik üzrə razılıq əldə olunub.
Xəlil Kələntər fəaliyyətinin yüksək qiymətləndirilməsi və AMEA-nın Ümumi yığıncağında Elm Günü münasibətilə fəxri fərmanla təltif edilməsinə görə minnətdarlığını bildirib.