ELM VƏ TƏHSİL
Akademik: Aşağı İstisu ərazisində termal və mineral suların tərkibi tədqiq edilib
Bakı, 31 yanvar, AZƏRTAC
“Şuşa İli” çərçivəsində dövlətin elm qarşısında müəyyənləşdirdiyi tapşırıqların icrasında AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) elmi müəssisələri fəal iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev FRTEB-nin 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclasında bölmənin elmi-praktiki və innovativ fəaliyyəti barədə məlumat verərkən deyib.
İşğaldan azad olunmuş ərazilərdə görülən işləri diqqətə çatdıran alim qeyd edib ki, hesabat ili ərzində alternativ və bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi istiqamətində statistik analiz aparılıb, Azərbaycanın müxtəlif rayonlarının, o cümlədən işğaldan azad olunmuş ərazilərin enerji təchizatında, bəzi şəraitlərdə ənənəvi enerji təminatının bərpa olunan enerji mənbələri ilə əvəz edilməsinin mümkünlüyü müəyyənləşdirilib və müvafiq tövsiyələr hazırlanıb. Həmçinin bu ərazilərdə davamlı inkişafı və təhlükəsizlik mühitini təmin etmək üçün pilotsuz uçuş aparatlarının monitorinqi metodlarının təkmilləşdirilməsi tədqiq olunub, kənd təsərrüfatının inkişafı üçün Əşyaların İnterneti (IoT) intellektual sisteminin qurulması və tətbiqi araşdırılıb, “ağıllı kənd” platforması əsasında İKT komponentlərinin qurulması sistemi yaradılıb və Zəngilanın Ağalı kəndində tətbiq edilib.
Akademikin sözlərinə görə, müvafiq dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərin biomüxtəlifliyi, su və torpaq ehtiyatlarının monitorinqi üçün birgə tədqiqatlar, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafına dair Dövlət Proqramına və AMEA-nın müvafiq sənədlərinə uyğun olaraq, çirklənmiş ərazilərin radiasiya fonunun təyini, ərazidə yerləşən su hövzələrinin, bitkilərin radioloji və kimyəvi analizi istiqamətində tədqiqatlar aparılıb. Kəlbəcər rayonunun Aşağı İstisu ərazisində termal və mineral suların kimyəvi, mikrobioloji və qaz tərkibi tədqiq edilib, suda radioaktiv radonun konsentrasiyası müəyyənləşdirilib, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların, o cümlədən bioloji müxtəlifliyin tədqiqi, bərpası və səmərəli istifadəsində müasir yanaşmalar üzrə işğaldan azad olunmuş ərazilərdə bioloji monitorinqin aparılması və stres amillərin bioloji sistemlərdə paramaqnit sistemlərə təsiri tədqiq olunub.