ELM VƏ TƏHSİL
Akademik Asəf Nadirovun 90 illik yubileyinə elmi sessiya həsr olunacaq
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda akademik Asəf Nadirovun 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bununla bağlı elmi şuranın qərarına əsasən, müəssisənin elmi işlər üzrə direktor müavini, dosent Allahyar Muradovun sədrliyi ilə təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinə AMEA-nın müxbir üzvləri Şahbaz Muradov və Əli Nuriyev, professor Rəna Sultanova, dosent Pərviz Həsənov və Tanrıverdi Paşa daxildir.
Qeyd edək ki, Asəf Nadirovun fəaliyyətinin ana xəttini sənayenin inkişafı, onun quruluşunun təkmilləşdirilməsi və səmərəli yerləşdirilməsi problemləri təşkil edir. O, ipəkçiliyin və ipək sənayesinin səmərəli inkişafı üçün respublikada geniş təbii imkanların, əhalinin böyük istehsal təcrübəsinin və tarixi ənənələrinin mövcud olduğunu əsaslandırıb. O, ilk dəfə Azərbaycanda qənd istehsalının yaradılması ideyasını irəli sürüb və bunun heyvandarlığın yem bazasının möhkəmlənməsi sahəsində də mühüm rol oynaya biləcəyini qeyd edib.
Asəf Nadirov 800-dən çox elmi əsərin, o cümlədən “Sosialist istehsalının yerləşdirilməsi” (Bakı, 1965), “Azərbaycan şəhərlərinin iqtisadi inkişaf məsələləri” (Bakı,1966), “Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” (Bakı, 1976), “Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri” (Bakı, 2001), “Azərbaycan iqtisadiyyatı” (Bakı, 2003) və s. kitabların müəllifidir. Alim “Şərəf” və “Şöhrət” ordenlərinə, bir çox medallara, fəxri fərmanlara layiq görülüb.