ELM VƏ TƏHSİL
“AzScienceNet” şəbəkəsinin İdarəetmə Mərkəzi və infrastrukturu əhəmiyyətli dərəcədə təkmilləşdirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası 2009-cu ildə Avropa İttifaqının Şərq tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrdən biridir. Bu tərəfdaşlıq çərçivəsində Aİ ölkələri və institutları ilə müxtəlif sferalarda, xüsusən də son zamanlar çox səmərəli əməkdaşlıq qurulur və uğurla inkişaf etdirilir. Bu münasibətlər sırasında prioritet istiqamətlərdən biri də müasir texnologiyalardan istifadə etməklə Azərbaycan və Avropa İttifaqı arasında dayanıqlı kommunikasiyaların qurulması, müxtəlif fəaliyyət sferaları arasında inteqrasiyanın dərinləşməsidir.
AZƏRTAC xəbər verir ki, bunu “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimində AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev söyləyib. O bildirib ki, Avropa Komissiyası 2015-ci ildə “EaPConnect” adlı xüsusi layihə təsis edib və maliyyələşdirilməsini öz üzərinə götürüb. “EaPConnect” layihəsinin əsas məqsədi tərəfdaş ölkələrin elm və təhsil sahələrində yüksəksürətli regional internet şəbəkəsinin qurulması, onun Avropanın “GEANT” elm və təhsil şəbəkəsinə inteqrasiyasını təmin etməkdir. Yeri gəlmişkən, Azərbaycan 2010-cu ildən GEANT Assosiasiyasında İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet şəbəkəsi” vasitəsilə təmsil olunur.
Akademik diqqətə çatdırıb ki, 2015-ci ildən başlayaraq “EaPConnect” layihəsi Azərbaycanda fəaliyyətdədir. Ötən müddət ərzində bu layihə çərçivəsində bir sıra mühüm işlər həyata keçirilib. Belə ki, 3GB/san sürətlə “AzScienceNet” şəbəkə infrastrukturu üzərindən ölkənin elm və təhsil müəssisələri etibarlı internet trafiklə təchiz olunub.
“AzScienceNet” şəbəkəsinin İdarəetmə Mərkəzi və infrastrukturu əhəmiyyətli dərəcədə təkmilləşdirilib və daha yüksək potensialla GEANT şəbəkəsinə inteqrasiyası təmin olunub.
Mütəxəssislərin peşəkarlığının yüksəldilməsi üçün müxtəlif treninqlər təşkil olunub. Çoxlu sayda azərbaycanlı alimlərin beynəlxalq elmi konfranslarda iştirakına zəruri dəstək verilib. GEANT şəbəkəsinin “EduRoam”, “EduGain” və s. kimi bir sıra servisləri elm və təhsil müəssisələrində tətbiq olunur.