ELM VƏ TƏHSİL


Akademik Azad Mirzəcanzadə elmi fəaliyyətində neft-qaz hasilatının qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib

Bakı, 29 sentyabr, AZƏRTAC

Görkəmli alim, texnika elmləri doktoru, Dövlət mükafatları laureatı akademik Azad Mirzəcanzadə Azərbaycan elminə, təhsilinə əvəzsiz töhfələr verib. O, tətbiqi mexanika və neft-mədən işləri sahəsində geniş və əhəmiyyətli araşdırmalar aparıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb.

Sentyabrın 29-da görkəmli alim Azad Mirzəcanzadənin anadan olmasının 94 ili tamam olur.

AZƏRTAC alimin doğum günündə onun həyat və yaradıcılığının ayrı-ayrı məqamlarına nəzər salır.

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsində təhsil alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilib.

O, 1948-1958-ci illərdə AEA-nın Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda, eyni zamanda, 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olub. Alim 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində çalışıb.

Akademik Azad Mirzəcanzadə elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında onun mühüm xidmətləri olub.

O, 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kafedra müdiri olub.

A.Mirzəcanzadə 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışıb, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib.

Dəyərli elmi əsərlərin, 50-dən çox ixtira və patentin müəllifi olan A.Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Onun neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri həllini tapıb.

Akademik A.Mirzəcanzadə həm də bacarıqlı elm təşkilatçısı olub. O, özünəməxsus elmi məktəb yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.