ELM VƏ TƏHSİL
Akademik Azad Mirzəcanzadənin biobiblioqrafik göstəricisi hazırlanıb
Bakı, 28 iyul, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Azərbaycanın elm və mədəniyyət xadimləri” silsiləsindən akademik Azad Mirzəcanzadənin biobiblioqrafik göstəricisi hazırlanıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan, alimin 90 illik yubileyinə həsr edilmiş kitab “Azad Xəlil oğlu Mirzəcanzadə. Biobiblioqrafik göstərici” adlanır. Biobiblioqrafik göstərici universal zəka sahibi, texnika elmləri doktoru, professor, AMEA-nın, Rusiya Təbii Elmlər Akademiyasının, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü, Başqırdıstan Elmlər Akademiyasının fəxri akademiki, Şərq Neft Akademiyasının prezidenti, əməkdar elm və texnika xadimi Azad Xəlil oğlu Mirzəcanzadənin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini və bu fəaliyyətlərin əsas tarixlərini, elmi əsərlərin biblioqrafikasını, həmçinin alim haqqında yazılmış mənbələri əks etdirir.
Kitab tətbiqi mexanika və neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.