ELM VƏ TƏHSİL


Akademik: Azərbaycan “Şərq Tərəfdaşlığı” çərçivəsində elm və təhsil istiqamətləri üzrə nailiyyətlər əldə edib

Bakı, 28 sentyabr, AZƏRTAC

“5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın əsas məqsədi müvafiq ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və bu dövlətlərin Avropaya inteqrasiyasının sürətləndirilməsidir. Ölkəmizin Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində Azərbaycan dövləti tərəfindən uzun illər ərzində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu konfransın açılış mərasimində AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov söyləyib. O vurğulayıb ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və növbəti inkişaf mərhələsinə qədəm qoyub.

Akademik deyib ki, inteqrasiya prosesi bütün fəaliyyət sahələrini, o cümlədən elm və təhsil kimi strateji istiqamətləri əhatə edir.

Arif Həşimov xatırladıb ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında geniş spektrli əməkdaşlığın hüquqi əsası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. 2004-cü ildən etibarən Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yeni mərhələsi başlanıb. Azərbaycan Avropa İttifaqı ilə “Yeni Qonşuluq Siyasəti” Proqramı çərçivəsində texniki-maliyyə dəstəyi alıb. Avropa İttifaqından onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyəsi imkanı əldə edib. 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının Avropa İttifaqına inteqrasiyası üzrə dövlət komissiyası yaradılıb. Həmin Komissiyasının qarşısına Avropa İttifaqı ilə siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquq, təhlükəsizlik, insan hüquqları və demokratikləşdirmə, humanitar, elm, təhsil və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi vəzifəsi qoyulub.

2009-cu ildə Aİ tərəfindən “Şərq Tərəfdaşlığı” təşəbbüsü irəli sürülüb. Azərbaycan “Şərq Tərəfdaşlığı” Proqramının ən fəal iştirakçılarından biridir. Ölkəmiz bu proqram çərçivəsində Avropa İttifaqı ilə əlaqələrin inkişafına xidmət edən müxtəlif istiqamətli layihələr həyata keçirir. Bu sahədə artıq bir sıra nailiyyətlər əldə olunub. Həmin nailiyyətlərin mühüm hissəsi də məhz elm və təhsil sahələri ilə bağlıdır.

Bu istiqamətdə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.