ELM VƏ TƏHSİL


Akademik Çingiz Qacarın muzeyi yeni eksponatlarla zənginləşir

Bakı, 13 iyun AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Qacarın təşəbbüsü ilə alimin Bakıda yaradılan muzeyi yeni eksponatlarla zənginləşir.

AZƏRTAC xəbər verir ki, muzeydə Azərbaycan tarixinə aid miniatür sənət nümunələri, mis qablar, sikkələr, qədim xalçalar, akademikin müəllifi olduğu kitablar, onun haqqında yazılan əsərlər, monoqrafiyalar, görkəmli şəxsiyyətlər və tanınmış alimlərlə çəkilmiş xatirə fotoşəkillərini əhatə edən eksponatlar yer alıb. Burada alimin uşaqlıq illərini, onun elmi axtarışlarını əks etdirən şəkil, fakt və sənədləri də görmək olar. Həmçinin Qacarlar şəcərəsinə aid rəsm əsərləri nümayiş olunur.

Fizika sahəsində çalışanların üzünə açıq olan muzeydə tanınmış alimin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq mümkündür.

Muzeyin ziyarətçiləri arasında akademik Çingiz Qacarın yaratdığı elmi məktəbin davamçıları, yetişdirdiyi gənc alim və tədqiqatçılar da var. Onlar muzeydə böyük alimlə ünsiyyətdə olmaq imkanı əldə edirlər.

Akademik Çingiz Qacar ilk dəfə olaraq etil, propil, izopropil spirti molekullarının və etilmerkaptanın fırlanma spektrlərini deşifrə edib, onların quruluş-konformasiya təhlilini aparıb, struktur parametrləri və dipol momentlərini təyin edib. 200-ə yaxın elmi əsərin müəllifi olan akademik 24 fəlsəfə, 8 elmlər doktoru hazırlayıb. Görkəmli alim bu il daha üç kitabı elmi ictimaiyyətə təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.