REGİONLAR


Akademik Cəlal Əliyevin elmi yaradıcılığının ən məhsuldar dövrü Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı olub

Bakı, 2 noyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmilər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən təşkil edilib.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov akademik Cəlal Əliyevin keçdiyi şərəfli həyat yolundan danışıb. Qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da taxılçılıq ölkələrin ərzaq təhlükəsizliyinin təminatı baxımından kənd təsərrüfatının əsas strateji sahələrindən biridir. Məhz bu səbəbdən akademik Cəlal Əliyevin uğurlu elmi yaradıcılığının ən məhsuldar dövrü, əsasən, Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı olub. Mübaliğəsiz demək olar ki, elmi-praktiki əsaslar üzərində qurulan bitki seleksiyası sahəsində ölkədə qabaqcıl mövqeyi ilə seçilən Cəlal Əliyev məktəbi formalaşıb. İlkin seleksiya nailiyyətlərinin təsərrüfatlara sürətlə tətbiqini təşkil etmək üçün Əkinçilik Elmi-Tədqiqat İnstitutunda akademik Cəlal Əliyevin bilavasitə təşəbbüsü və kollektivin iştirakı ilə elmlə istehsalatın sıx əlaqəsinin yaradılması istiqamətində addımlar atılmış və bu, öz bəhrəsini vermişdir. Əkinçilik İnstitutu ilə respublikanın toxumçuluq təsərrüfatları arasında əlaqələrin bir mərkəzdən idarə edilməsi nəticəsində taxıl istehsalı sürətlə artmış, yaradılmış yeni buğda sortlarının toxumçuluğunun yüksək səviyyədə təşkili və təsərrüfatlara tətbiqi mümkün olmuşdur. Bu gün fermerlər tərəfindən, həmçinin iri taxılçılıq təsərrüfatlarında geniş şəkildə becərilən “Qobustan”, “Qırmızı gül 1”, “Tale 38”, “Qızıl buğda”, “Ləyaqətli 80”, “Zirvə 85” yumşaq buğda sortlarını bu mənada xüsusi olaraq qeyd etmək lazımdır. İndi aqrar sahənin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir şəraitdə əkin sahələrinin təkmilləşdirilməsinə, innovativ texnologiyaların tətbiqinə, şəffaflığın təmin olunmasına, əkinçilik mədəniyyətinin yüksəldilməsinə, yeni məhsuldar bitki sortlarının yaradılmasına və tətbiqinə daha çox ehtiyac duyulur. Bu məsələnin uğurlu həllində akademik Cəlal Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərmiş elmi kollektivlərin, yaratdığı və himayə etdiyi elmi məktəbin böyük rolu var.

İmran Cümşüdov akademik Cəlal Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşadığını və onun elmi ideyalarının tələbələri tərəfindən layiqincə həyata keçirildiyini nəzərə çatdırıb.

Sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Akademik Cəlal Əliyevin aqrar elmin inkişafında rolu”, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Yaqub Quliyevin “Beynəlxalq elmi təşkilatlarla əlaqələrin yaradılmasında akademik Cəlal Əliyevin rolu” mövzularında çıxışları dinlənilib.

Tədbirdə digər çıxış edənlər akademik Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.