ELM VƏ TƏHSİL


Akademik: Dil məsələsi nəinki humanitar, digər elm sahələrinin də tədqiqat obyekti olmalıdır

Bakı, 11 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının növbəti onlayn iclası “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim edilən dissertasiya işinin müdafiəsinə həsr olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Dissertasiya işi üzrə elmi rəhbər olan AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxışında mövzunun aktuallığı və qarşıya qoyulmuş problemin ölkə üçün əhəmiyyətindən danışıb, tədqiqatın Azərbaycan dilindəki mətnlərin mürəkkəblik səviyyəsinin qiymətləndirilməsinə dair ilk elmi iş olduğunu bildirib. Dissertasiyada həm təhsil, pedaqogika, həm də dilçilik kimi müxtəlif sahələri əhatə edən məsələlərə baxıldığını, işin bir çox fənlərin kəsişməsindən yaranan tədqiqat kimi multidisiplinar xarakter daşıdığını vurğulayıb. Qeyd edib ki, tədqiqat çərçivəsində çox sayda meyarlara əsasən dərs vəsaitləri, dərsliklər və mətn tipli məlumatların qiymətləndirilməsi nəzərdə tutulur.

Elmi rəhbər Azərbaycan dilinin kompüter emalının xüsusi əhəmiyyət kəsb edən məsələlərdən olduğunu, son zamanlar virtual məkanda dil problemləri ilə bağlı tədqiqatların aktuallıq kəsb etdiyini söyləyib.

Akademik AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kompüter tərcüməsinə dair, eləcə də Dilçilik İnstitutunda linqvistika problemləri ilə bağlı əhəmiyyətli tədqiqatların aparıldığını bildirib. Diqqətə çatdırıb ki, rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunda da gənc tədqiqatçılar Azərbaycan dilinin kompüter emalı ilə bağlı araşdırmalar aparır, bu və ya digər modelləşdirmə proseslərində dil problemlərinin tədqiqi və onların həllinə töhfələr verirlər.

“Mətn tipli məlumatların modellər vasitəsilə avtomatik qiymətləndirilməsi çox əhəmiyyətli məsələdir”, - deyən R.Əliquliyev bu kimi tədqiqatları kompleks olaraq dilimizə xidmət kimi qiymətləndirib. Akademik Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı Prezident İlham Əliyevin alimlər qarşısına bir çox vəzifələr qoyduğunu diqqətə çatdırıb. Artıq informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislərin də Azərbaycan dili problemlərinin həllinə töhfə vermələrini müsbət hal kimi dəyərləndirib.

Elmi rəhbər dissertasiya işinin riyazi modelinin iki parametr – sözlərin orta uzunluğu və cümlələrin orta uzunluğunun əsasında qurulduğunu, tədqiqatın beynəlxalq təcrübəyə uyğunlaşdırıldığını vurğulayıb.

“Dil məsələləri təkcə humanitar elmlərin problemi deyil”, – deyən akademik əlavə edib ki, bu kimi problemlər həm də riyaziyyat, informasiya texnologiyaları, neyrofiziologiya və digər müvafiq sahə alimlərinin tədqiqat obyekti olmalıdır.

Akademikin fikrincə, Azərbaycan dilində mətnlərin oxuna bilinməsinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş dissertasiya işi uzun illər ərzində formalaşmış və yetişmiş, tədqiqat işində tədris materiallarının, müxtəlif mətnlərin oxunmasının avtomatik qiymətləndirilməsi ilə bağlı əldə olunan elmi nəticələr praktikada uğurla tətbiq olunub.

Dissertasiya işinin əsas nəticələrindən hesab olunan www.oxunabilir.az saytı haqqında məlumat verən alim bu saytın Azərbaycan oxucularına təmənnasız şəkildə təqdim edildiyini, burada istənilən bir mətni daxil edərək onun hansı sinfə (oxunaqlı, asan, mürəkkəb və s.) aid olduğunu müəyyənləşdirməyin mümkün olduğunu deyib. Akademikin sözlərinə görə, bu saytın istifadəyə verilməsi azərbaycandilli internet məkanında ilk addım olmaqla yanaşı, mətnlərin kompüter modelləri vasitəsilə emal olunması istiqamətində olduqca əhəmiyyətli nəticədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.