ELM VƏ TƏHSİL
Akademik Gövhər Baxşəliyeva: AMEA-da elmin liberallaşdırılması istiqamətində tədbirlər görülməlidir
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmin liberallaşdırılması istiqamətində tədbirlər görülməlidir.
Bunu Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva söyləyib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, G.Baxşəliyeva bu gün dünya elmində liberallaşma prosesinin vüsət aldığını deyib. Qeyd edilib ki, hazırda AMEA-nın hər bir institut və təşkilatının qarşısına elmin kommersiyalaşdırılması ilə bağlı vəzifələr qoyulub. Bu da hər bir alim və tədqiqatçının əməyinin yüksək səviyyədə qiymətləndirilməsi və stimullaşdırılmasına təkan verəcək.
G.Baxşəliyeva AMEA-da fəaliyyət göstərən alimlərin fəlsəfə və elmlər doktorluğu üzrə diplomlarının UNESCO-ya daxil olan bütün ölkələr tərəfindən tanındığını bildirib. Vurğulanıb ki, AMEA-da xarici vətəndaşların da elmi tədqiqatlar aparmaları üçün şərait yaradılmalı, Azərbaycan elminin dünya elminə inteqrasiyası sürətlənməlidir.