ELM VƏ TƏHSİL


Akademik Gövhər Baxşəliyeva: Azərbaycan tarixinin qırx ili ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi inkişafında müstəsna xidmətlərindən danışıb: “Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Azərbaycan tarixinin 40 ili ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər xalqımızın tarixinə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşüb. Onun həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmətləri əvəzsizdir”.

Gövhər Baxşəliyeva müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn ulu öndər Heydər Əliyevin qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyə nail olduğunu deyib, dahi liderin xalqda gələcəyə böyük inam yaratdığını, qısa bir zamanda ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu bildirib.

Akademik dahi şəxsiyyət Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. O, Ulu Öndərin hakimiyyətə qayıtdıqdan sonra, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini söyləyib. Görkəmli dövlət xadimi Heydər Əliyevin həmin görüşdə dediyi “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq” sözlərini xatırladıb.

Gövhər Baxşəliyeva bu gün də Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb və ölkədə gedən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə abadlaşan və inkişaf edən şəhər və rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz qayğının və işğal altında olan torpaqlarımızın 44 günlük müharibədə azad edilməsinin bunun əyani təsdiqi olduğunu bildirib.

Şərqşünaslıq İnstitutunun Həmkarlar Təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifə və istiqamətlərindən danışıb. O, Ulu Öndərin hakimiyyəti dövründə müstəqil Azərbaycan Respublikasının xarici siyasət kursunun başlıca vəzifələrinin ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək, mənafeyi Azərbaycanın milli və dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək, bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək, xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək, xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və s. məsələlər olduğunu qeyd edib.

İnstitutun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsini icra edən filologiya üzrə fəlsəfə doktoru Xumar Ələkbərova deyib: “Ulu Öndər elə bir dahi şəxsiyyət olub ki, gücün ağılda, elmdə olduğunu daim önə çəkmişdir. Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək səviyyədə təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir”.

Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlişinin Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşməsinin əsasını qoyduğunu bildirib. S.Bayramzadə qeyd edib ki, Ümummilli Liderin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.