Akademik: “Gül dəftəri”nin UNESCO-nun reyestrinə daxil edilməsi Fransa rəhbərliyinə cavabdır
AzerTAg.az

Bakı, 22 may, AZƏRTAC
Bu günlərdə AMEA-nın Əlyazmalar İnstitutunun UNESCO-ya təqdim etdiyi “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınıb. Bu, çox böyük, əlamətdar hadisədir. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi zəfərindən sonra Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan torpaqlarına mənsub olmasını təsdiqləyən faktlardan biri də bu dəftərin UNESCO-da qəbul olunmasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunda keçirilən tədbirdə deyib.
Akademik deyib ki, “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması UNESCO səviyyəsində Qarabağın Azərbaycan torpağı olmasının növbəti isbatıdır:
“Natəvan Qarabağ xanları nəslinin sonuncu nəslinə mənsub olan görkəmli ictimai xadimlərdəndir.
İqamətgahı Parisdə yerləşən UNESCO-da dəftərin dünya irsinə daxil edilməsi ədalət prinsipini pozan Fransa rəhbərliyinə cavabdır. UNESCO-nun iqamətgahında keçirilən tədbir sübut edir ki, Natəvan qarabağlıdır. Bu gün Natavan bulağı Prezidentin müvafiq tapşırığına əsasən təmir olunaraq istifadəyə verilib.
“Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun əlyazma kimi siyahıya daxil edilməsi həm də Natəvanın UNESCO səviyyəsində dünyada tanınması üçün əhəmiyyətli addımdır. “Gül dəftəri” əl yazmasının Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil olunması AMEA-nın Əlyazmalar İnstitutunun dünya miqyaslı uğurlarından biridir. Akademik Teymur Kərimlinin rəhbərlik etdiyi institutda bu istiqamətdə aparılan işlərin növbəti nəticəsidir.
Bu, Əlyazmalar İnstitutunda qorunub saxlanılan beşinci əlyazmadır ki, Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil olunub”.
Xəbərin mətnində orfoqrafik səhv var