ELM VƏ TƏHSİL


Akademik İradə Hüseynova: Müstəqilliyimiz Ulu Öndərin sayəsində əbədi və dönməz xarakter alıb

Bakı, 10 may, AZƏRTAC

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova açaraq müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, tükənməz ibrət məktəbi olan zəngin və çoxşaxəli irsindən bəhs edib. Akademik qeyd edib ki, ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Milli şüurun oyanışı dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlib. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Dahi şəxsiyyət Heydər Əliyev öz xalqına, Vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaradıb. Ulu Öndər müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoydu. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Məhz ümummilli lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun davam etdirən ölkə rəhbərinin həyata keçirdiyi tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin edib.

Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev, AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, biologiya elmləri doktorları Səftər Süleymanov, Elman İsgəndər, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev, YAP Səbail rayonu Sünbül ərazi partiya təşkilatının gənclərlə iş üzrə sədr müavini Natiq Məmmədov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova Ulu Öndərin müxtəlif sahələrdə göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər.

Tədbirin sonunda dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.