ELM VƏ TƏHSİL
Akademik İradə Hüseynova Zəngilan rayonunda ezamiyyətdə olub
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İradə Hüseynova Zəngilan rayonunda ezamiyyətdə olub.
Alim Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun Zəngilan rayonunun Ağalı kəndidə keçirilmiş iclasında iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İclasda digər məsələlərlə birgə, regionun biomüxtəlifliyinin, torpaq və su ehtiyatlarının tədqiqi məsələləri də müzakirə edilib, xüsusən Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün AMEA-nın aparıcı qurum kimi müəyyən edilməsi və Oxçuçay hövzəsində kompleks elmi-tədqiqat işlərinin aparılmasının zəruriliyi vurğulanıb.
Qeyd olunub ki, hələ 2021-ci ilin oktyabr-noyabr aylarında AMEA-da Mikrobiologiya, Botanika, Zoologiya, Fiziologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının alim və mütəxəssislərindən ibarət işçi qrupu formalaşdırılıb. Bu qrup tərəfindən müvafiq texniki tapşırıqlar və iş planı hazırlanıb, lazımi metodikalar seçilib. Oxçuçay hövzəsində ilk elmi ekspedisiya tədqiqatları AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrini təmsil edən 9 alimin iştirakı ilə mayın 16-17-də keçirilib. Monitorinqlərin ilkin nəticələri ümumiləşdirilib, hesabat hazırlanaraq müvafiq şəkildə təqdim edilib.
Səfər zamanı akademik İradə Hüseynova və Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri biologiya elmləri doktoru, professor Elman İsgəndər Ekoloji məsələlər üzrə işçi qrupunun üzvləri ilə birgə Ağalı kəndi ərazisində inşa edilmiş “Ağıllı kənd”lə, Zəngilan rayonu ərazisində aparılan yaşıllaşdırma işləri ilə, Oxçuçayın sahil əraziləri və mərmərləşmiş əhəngdaşı yatağı ilə tanış olublar.