ELM VƏ TƏHSİL


Akademik İsa Həbibbəyli: Dünya kitabxanalarında saxlanılan Azərbaycan əlyazmalarının araşdırılması mühüm məsələdir

Bakı, 13 iyun, P.İmanova, AZƏRTAC

İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda üçüncü beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, üçüncü dəfədir keçirilən konfrans dünya kitabxanalarında saxlanılan naməlum əlyazmalar və onların mahiyyəti ilə tanışlığa imkan yaradır. Eyni zamanda, dünyada Azərbaycan əlyazmalarının təbliğinə dəstək verir.

Bu əlyazmaların araşdırılmasının vacibliyini vurğulayan akademik İ.Həbibbəyli deyib: “Builki konfrans AXC-nin 100 illik yubileyinə həsr olunmaqla daha böyük aktuallıq qazanıb. Çünki məhz dövlət müstəqilliyi illərində digər sərvətlərimiz kimi əlyazmalar xəzinəmizin də dünyada yerini, mövqeyini, imkanlarını öyrənmək şəraiti qazanmışıq. Eyni zamanda, əlyazmalarımızı dünyaya təqdim etmək imkanları əldə etmişik. Əlyazmaların milli, dövlətçilik mövqeyindən, elmi baxımdan öyrənilməsi imkanlarını da bizə dövlət müstəqilliyimiz bəxş edib. Bu səbəbdən də əlyazmaların problemlərinin müzakirə olunduğu konfransın AXC-nin yubileyinə həsr edilməsi tamamilə təbiidir, obyektiv və təqdirəlayiqdir. Bugünkü konfrans da müstəqillik dövründə əlyazmalara yenidən baxılmasına və istiqamətləndirilməsinə imkan yaradır. Həmçinin konfrans bu istiqamətdə aparılmış işlərin daha yeni mərhələsi olacaq və ona təkan verəcək”.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli rəhbərlik etdiyi elm müəssisəsində əlyazmaların toplanılması, araşdırılması, tədqiqi sahəsində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Vurğulanıb ki, Azərbaycan əlyazmalarını dünyada tanıtmaq və təbliğ etmək məqsədilə keçirilən bugünkü konfransda respublikanın müxtəlif elmi müəssisələrində çalışan tədqiqatçıların, xüsusilə də gənc mütəxəssislərin məruzələri dinləniləcək.

Tədbirdə Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavinləri, filologiya elmləri doktorları Aybəniz Əliyeva-Kəngərlinin “Cümhuriyyət dövrünün ədəbi konsepsiyası (M.Ə.Rəsulzadənin ədəbi görüşləri)”, Paşa Kərimovun “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. İclaslarda ümumilikdə əllidən artıq məruzə dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.