ELM VƏ TƏHSİL


Akademik İsa Həbibbəyli: Prezidentin Fərmanı elm və təhsil sahəsində yeni islahatlara yol açır

Bakı, 29 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı, o cümlədən Elm və Təhsil Nazirliyinin yaradılması elmin və təhsilin inteqrasiyası baxımından atılmış islahatyönümlü çox mühüm addımdır. Bu addım həm də dünya təcrübəsinə uyğundur. Belə ki, dünyanın bir çox ölkələrində elm və təhsil vahid mərkəzdən Elm və Təhsil Nazirliyi formatında idarə olunur və səmərə verir. Eyni zamanda, bizim ölkəmizin reallığı da elm və təhsilin qarşılıqlı surətdə əlaqələndirilməsinin, elmin və təhsilin inkişaf etdirilməsinə töhfələr verəcəyinə inam yaradır. Buna görə də AMEA-nın kollektivi ölkəmizdə Elm və Təhsil Nazirliyinin yaradılmasını, idarəetmənin elm və təhsil sahəsində təkmilləşdirilməsini elmin və təhsilin inkişafı baxımından zəruri addım hesab edir və biz Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli söyləyib. Akademik bildirib ki, Fərmanda, eyni zamanda, AMEA-nın statusunun saxlanılması, onun tabeliyində bir sıra institutların fəaliyyət göstərməsi də öz əksini tapıb. Bu isə hər şeydən əvvəl ölkəmizdə son aylarda sosial şəbəkələrdə, cəmiyyətdə AMEA-nın bağlanacağı haqqında yaranmış mənasız söz-söhbətlərə birdəfəlik son qoymağa xidmət edir. AMEA yeni strukturda, yeni hədəflər əsasında bundan sonra öz fəaliyyətini davam etdirəcək. Ölkəmizdə dövlətçilik ideologiyasının və azərbaycançılıq ideallarının, milli-mənəvi dəyərlərin daha dərindən öyrənilməsi, təbliği, təşviqi, yeni nəsillərə çatdırılması, əsaslandırılması və istiqamətlənməsi kimi mühüm vəzifələri həyata keçirəcək. Eyni zamanda, Milli Elmlər Akademiyası elmin əlaqələndirilməsi şurasını, problem şuralarının idarə olunmasını bundan sonra da davam etdirəcək. Akademiyada həqiqi və müxbir üzvlərin seçkilərin keçirilməsi səlahiyyəti də AMEA-ya daxildir.

“Prezidentin bu Fərmanı elm və təhsil sahəsində yeni islahatlara başlanılmasına yol açır. Həm akademiyanın, həm də Elm və Təhsil Nazirliyinin kollektivi dövlət tərəfindən qarşıya qoyulmuş vəzifənin məsuliyyətini dərindən dərk edir və bundan sonra öz işini Fərmandan irəli gələn vəzifələrin, islahatyönümlü tədbirlərin həyata keçirilməsi istiqamətində quracaq. Bu, ölkəmizin dövlətçilik və milli ideallarının elmi cəhətdən cəmiyyətimizə təqdim olunmasını və dünya təcrübəsi ilə Azərbaycan elminin inteqrasiyasının daha da möhkəmləndirilməsini təmin edəcəkdir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.