ELM VƏ TƏHSİL


Akademik Kamal Abdullanın əsərlərinin yeddi cildliyinin ikinci cildi çapdan çıxıb

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərinin yeddi cildliyinin ikinci cildi işıq üzü görüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, ikinci cildə müəllifin “Sirlərin sərgüzəşti” romanı, “Tarixsiz gündəlik” povesti və müxtəlif illərdə yazdığı hekayələri daxil edilib.

“Sirlərin sərgüzəşti” romanı 2019-cu ildə “Ədəbiyyat qəzeti”ndə hissə-hissə dərc edilib, daha sonra “Azərnəşr”də kitab şəklində işıq üzü görüb. Roman polifonikliyi ilə müxtəlif zamanların mənəvi əlaqəsinin qırılmazlığından bəhs edir. Roman ayrı-ayrı zaman və məkanlarda yaşayan insanların – Hacı Mir Həsən ağa Səyyah və professor Həsən müəllimin mənəvi-psixoloji dialoqları üzərində qurulub. Bu dialoqlar fonunda baş verən şəxsi və ailə faciələri romanı gözlənilməz situasiyalarla zənginləşdirir və oxucu üçün daha maraqlı edir.

Kitabdakı “Tarixsiz gündəlik” povesti müəllifin orta məktəb xatirələrinin melanxoliyasının anoxronik təsviridir. Povest rus və bolqar dillərində də işıq üzü görüb.

Kamal Abdullanın bu kitaba daxil edilən hekayələri mövzu zənginliyi və problematika baxımından, həmçinin arxitektonikasına görə özlüyündə müxtəlif qruplarda birləşir. Bəzi hekayələr qədim mifoloji mətnlərdən, bəziləri müasir insanların həyatından, bəziləri isə sirli qəhrəmanların real, yaxud irreal məkanda səyahətindən bəhs edir. Hekayələrdəki xronotopların rəngarəngliyi oxucunu təəccübləndirir və onu gözləmədiyi vəziyyətlərlə üz-üzə qoyur.

Kitaba daxil edilən roman və hekayələrlə tanış olan oxucu bir daha əmin olur ki, Kamal Abdullanın söylədiyi əhvalatlar, qələmə aldığı bu çoxqatlı mətnlər nahaqdan müasir Azərbaycan intellektual nəsrinin nümunələri kimi təqdim edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.