ELM VƏ TƏHSİL
Akademik Məmmədtağı Cəfərovun 80 illik yubileyi qeyd olunub
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli torpaqşünas alim, akademik Məmmədtağı Cəfərovun anadan olmasının 80 illik yubileyinə həsr olunan “Azərbaycanda torpağın münbitliyinin artması yolları” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov görkəmli alimin elmi fəaliyyətindən, aqrar sahənin inkişafına verdiyi töhfələrdən danışıb, konfransın işinə uğurlar arzulayıb.
Konfransda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri və onların bərpası məsələləri (Gəncə-Qazax bölgəsi timsalında)” mövzusunda məruzəsi dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru, dosent Cavanşir Təlai və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.