MƏDƏNİYYƏT
Akademik Milli Dram Teatrı Zaqatala, Balakən və Qaxda “Vəsiyyət” tamaşasını təqdim edib
Bakı, 9 noyabr, AZƏRTAC
Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxda qastrol tamaşası ilə çıxış edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kollektiv noyabrın 6-da Balakən, 7-də Zaqatala, 8-də isə Qax teatrsevərləri qarşısında “Vəsiyyət” tamaşası ilə çıxış edib.
Təqdim olunan səhnə əsəri rayon ictimaiyyəti, teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən ikihissəli komediyanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı, Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Səhnə əsərində Əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran), Ləman İmanova (Röya), Mirzə Ağabəyli (Bayram), Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), Kazım Həsənquliyev (Elman), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), İlahə Həsənova, Fəridə Şahbazova (Delisay) və aktyor Ramin Şıxəliyev (Timur) çıxış edib.
Qeyd edək ki, Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulan tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.