MƏDƏNİYYƏT
Akademik Milli Dram Teatrında “Çippolino” tamaşasının məşqlərinə başlanılıb
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çippolino” əsəri əsasında eyniadlı tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa Çingiz Ələsgərovun yeni səhnə redaksiyası əsasında ərsəyə gələcək.
Səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistentləri Nərmin Həsənova və Firuzə Balayevadır.
Tamaşada rolları Əməkdar artistlər Əlvida Cəfərov, Mirzə Ağabəyli, Məzahir Cəlilov, Rüstəm Rüstəmov, Mehriban Xanlarova, Sevinc Əliyeva, aktyorlar Xədicə Novruzlu, Cümşüd Zeynalov, Elnar Qarayev, Rəşad Bəxtiyarov, Dilarə Nəzərova, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Vüsal Xaliqoğlu, Ümman Budaqov və İmran Qurbanov ifa edəcək.
Tamaşanın premyerası mart ayında keçiriləcək.
Qeyd edək ki, Canni Rodari “Çippolinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çippolino” nağıl-filmi çəkilib.