SİYASƏT
Akademik Möhsün Nağısoylu: Gəncədə baş verən hadisələr Azərbaycanın dövlət müstəqilliyinə qarşı qəsddir
Bakı, 13 iyul, AZƏRTAC
Gəncədə baş verən hadisələri Azərbaycanın dövlət müstəqilliyinə qarşı qəsd, ölkədə sabitliyi pozmaq cəhdi kimi dəyərləndirir və bütün bunları qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, Azərbaycanın qədim şəhəri olan Gəncədə baş verən terror hadisələri ölkəmizdəki dinamik və sürətli inkişafı gözü götürməyən xarici və daxili qüvvələrin cinayətkar və çirkin əməllərinin nəticəsidir. Ümumiyyətlə, bir ziyalı kimi dini radikalizmi qətiyyətlə pisləyir və bu yolun İslam dini ehkamlarına, şəriətə zidd olduğunu diqqətə çatdırmaq istəyirəm.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iyulun 10-da Gəncədə baş verən hadisələrə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu söyləyib.
Akademik bildirib ki, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə dinindən asılı olmayaraq, bütün vətəndaşlar, o cümlədən dindarlar üçün hər cür şərait yaradılıb. Buna görə də sonu olmayan, bədnamlıqda ad çıxaran dini radikalizm yolu tutanların hərəkətlərinin heç bir əsası yoxdur. Ölkədə sabitliyi pozmaq, xaos, çaşqınlıq yaratmaq istəyən qüvvələr, terrorda əli olan şəxslər bilməlidirlər ki, onlar mütləq qanun qarşısında cavab verəcəklər. Ölkəmizin tarixində bu cür hallar əvvəllər də olub. Cinayətkar qüvvələr öz istəklərinə nail ola bilməyib və bilməyəcəklər. İstər bu hadisələrin iştirakçıları, istərsə də onlara xaricdən və daxildən dəstək verən, qızışdırıcı mövqe tutan şəxslər ədalət mühakiməsi qarşısında cavab verəcəklər.