MƏDƏNİYYƏT
Akademik Musiqili Teatr 110-cu mövsümü açıq elan edib
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “O olmasın, bu olsun” musiqili komediyası ilə açıq elan edib.
AZƏRTAC xəbər verir ki, əsrlərin sınağından çıxmış bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb.
Quruluşçu rejissoru Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova olan səhnə əsərində rolları Xalq artisti Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist Şövqi Hüseynov (Məşədi İbad) və teatrın digər peşəkar aktyorları – Əməkdar artistlər – Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, kiçik yaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə və başqaları ifa edib.
Səhnə əsərində həmçinin, iranlı aktyor, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn hambal obrazını canlandırıb.
Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri – Elməddin Dadaşov və Sevinc Məmmədovadır.
Aktyorların məharətli çıxışı 63-cü dəfə nümayiş edilən səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.