MƏDƏNİYYƏT


Akademik Musiqili Teatr Afaq Bəşirqızı ilə Qəbələdə…

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq.

Sənət ocağından AZƏRTAC-a bildirilib ki, teatr çoxsaylı tamaşaçı xahişini nəzərə alaraq bayram günlərində iyunun 5-də saat 19:00-da Qəbələ Konqres Mərkəzində milyonların sevimlisi, "Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” ikihissəli komediyasını nümayiş etdirəcək.

Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.

2015-ci ildən teatrın repertuarına daxil olan və hər dəfə uğurlu nümayişi ilə yaddaşlarda qalan bu tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir. Tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü gizlətməsə toyu təxirə düşəcək və onların bir sıra maddi maraqları alt-üst olacaq. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Əsl tragikomik həngamə də bundan sonra başlayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.