MƏDƏNİYYƏT


Akademik Musiqili Teatr “Premyeraların paradı” festivalına hazırlaşır

Bakı, 29 iyun, AZƏRTAC

İyulun 3-dən 10-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Premyeraların paradı” festivalı keçiriləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində 7 tamaşanın nümayişi nəzərdə tutulur. Belə ki, festival zamanı iyulun 3-də “Lara Martins Jazz club”, 4-də “Utancaq qız”, 5-də “Məchul pilləkən” balet-tamaşası göstəriləcək. Həmçinin iyulun 6-da “Bəxtiyar”, 8-də “Bir nəfəs qədər”, 9-da “psix”, 10-da isə “Beş manatlıq gəlin” tamaşaları nümayiş olunacaq.

Festival çərçivəsində ilk dəfə nümayiş ediləcək “Məchul pilləkən” balet-tamaşası bəşəriyyətin ən qorxulu bəlası olan narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı təbliğat vasitələrindən bəhs edir. Səhnə əsərinin quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı teatrın baş rəssamı Vüsal Rəhimdir.

“Məchul pilləkən”in ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Gənclərə bir örnək və ismarış xarakteri daşıyan bu balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq, ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.

Tamaşada əsas rolu Əməkdar artist Viktoriya Şahmuradova, solo partiyaları isə Məhəmməd Abdullayevlə yanaşı, balet artisti Roman Krasnov oynayır.

Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri – Aynurə Əsgərova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Elvira Əzizova, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Kamran Həsənov və Yaqub Bəhramov çıxış edirlər.

Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib. Həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndirilir.

Balet-tamaşa üçün biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.