ELM VƏ TƏHSİL


Akademik Nərgiz Axundova: Dissertasiya mövzuları müasir elmin tələblərinə uyğun seçilməlidir

Bakı, 19 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Elmlər (İEB) Bölməsinin ümumi yığıncağı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

“İctimai elmlər: bu günü və sabahı” mövzusunda məruzə ilə çıxış edən akademik İEB-in son illərdəki fəaliyyətindən, elmi müəssisələrdə həyata keçirilən tədbirlərdən danışıb. Alim işlərin daha səmərəli davam etdirilməsi istiqamətində tövsiyələrini verib.

Sonra bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub.

Bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, dissertasiya mövzuları mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməli, müasir elmin tələblərinə uyğun seçilməlidir. Alim doktorant və dissertantlara müasir elmin tələblərinə uyğun mövzulara üstünlük vermələrini tövsiyə edib. 2018-2019-cu tədris ili üçün statistik məlumatları nəzərə çatdıran akademik-katib vurğulayıb ki, bölmədə fəlsəfə doktoru hazırlığı üzrə 44, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 38, elmlər doktoru hazırlığı üzrə doktoranturaya isə 7 nəfər qəbul olunub.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Bölmənin digər qərarları ilə Fəlsəfə İnstitutunun strukturunda, Milli Azərbaycan Tarixi Muzeyinin isə elmi şurasının tərkibində dəyişiklik edilib. Tədbirdə, həmçinin tarix elmləri doktoru Əsədulla Cəfərovun 70 illik yubileyinin qeyd olunması ilə bağlı qərar qəbul edilib.

Sonra bir sıra kadr məsələlərinə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.