ELM VƏ TƏHSİL
Akademik Nizami Cəfərov: Dilin saflığının qorunması hər bir azərbaycanlının borcudur
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətində növbəti “Məlumat saatı” keçirilib. Bu barədə AZƏRTAC-a Bilik Fondundan məlumat verilib.
Tədbirdə Bilik Fondunun lektorlar qrupunun üzvü, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Müstəqil Azərbaycanın dövlət dili siyasəti: reallıqlar və perspektivlər” mövzusunda mühazirə oxuyub və Binəqədi sakinlərinin suallarını cavablandırıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin saflaşdırılmasına xidmət edən sərəncamlarını xatırladaraq Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirdiyini bildirib. Akademik son dövrlər Azərbaycan dilinin orfoqrafiya qaydalarında dəyişikliklər aparılması ilə bağlı dilçi alimlərin apardıqları müzakirələrdən bəhs edib. N.Cəfərov bildirib ki, dilin saflığının qorunması təkcə alimlərin deyil, hər bir azərbaycanlının borcudur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Bilik Fondu ilə icra hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər barəsində danışıb, bu tədbirlərin faydalı olduğunu vurğulayıb.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxışında təmsil etdiyi qurumun maarifləndirmə istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb.