MƏDƏNİYYƏT
Akademik Opera və Balet Teatrında “Karmen” operası təqdim edilib
Bakı, 15 dekabr, Xaruqə Məmmədova, AZƏRTAC
Dekabrın 15-də Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, üç ölkənin opera ulduzları eyni səhnəni bölüşüblər. Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitiniska - Karmen, Ukrayna Operasının solisti, Xalq artisti Andrey Romanenko - Don Xose, Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artistləri Əli Əsgərov və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Cahangir Qurbanov, Tural Ağasıyev, Əliəhməd İbrahimov və solist Nina Makarova eyni səhnədə çıxış ediblər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist, professor Hüseyn Əliyev, quruluşçu rəssam Rusiyanın Xalq rəssamı, Dövlət mükafatları laueratı İvan Sevastyanov, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeyster Əməkdar artist Tamilla Məmmədova, konsertmeyster isə Əməkdar mədəniyyət işçisi Kamil Sultanovdur. Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə edilib.