ELM VƏ TƏHSİL


Akademik: Pandemiya ilə mübarizədə hər hansı səhlənkarlıq ölkəmizi ciddi təhlükə qarşısında qoya bilər

Bakı, 2 iyul, AZƏRTAC

Təəssüf hissi ilə qeyd etməliyik ki, dövlətimiz tərəfindən koronavirus pandemiyasına qarşı həyata keçirilən mübarizə tədbirlərinə baxmayaraq, ölkə ərazisində xəstəlik geniş yayılmaqdadır. Obyektiv və subyektiv səbəblərdən məsələ çox ciddi şəkil alıb. Artıq hər bir şəxsin ətrafında qohum, qonşu, dostlarından və ya iş yoldaşlarından kimsə bu xəstəliyə yoluxub. Ona görə toplu olaraq məsələnin nə qədər ciddiliyinin fərqinə varmalı və ölkəsini, dövlətini sevən vətəndaş kimi üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Yoxsa yol verilən hər hansı səhlənkarlıq ölkəmizi ciddi təhlükə qarşısında qoya bilər və sonra gec olar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.

O bildirib ki, Azərbaycan hökuməti tərəfindən pandemiyaya qarşı mübarizədə digər dünya ölkələrinə örnək olacaq addımlar atılıb. Bu sahədə işlər davam edir: “Görülən işlər bir neçə istiqaməti əhatə edir. Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ilk aylardan zəruri qabaqlayıcı tədbirlər görüldü. Həmin tədbirlər öz müsbət nəticəsini də göstərdi. Yoluxma halları kəskin azaldı. Lakin sonrakı yumşaldılmalardan sui-istifadə halları və bir çox hallarda inamsızlıq yenidən vəziyyətin pisləşməsinə səbəb oldu”.

Akademik Vaqif Fərzəliyev diqqətə çatdırıb ki, hazırda ölkədə yaranan vəziyyət, yoluxanların statistik göstəricilərindəki artım bugünkü məhdudiyyətlərin tətbiqinə şərait yaradıb: “Təəssüflə qeyd etməliyik ki, xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb. Bunun başlıca səbəbi isə vətəndaşların məsələyə qeyri-ciddi yanaşmasıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından birbaşa asılıdır. Fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir”.

Akademik vurğulayıb ki, pandemiya şəraitində təhlükəli virusdan qorunmaq üçün əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır. Prezident İlham Əliyev də görüşlərində insanların məlumatlandırılmasının, virusun təhlükəsinin ciddi olması barədə maarifləndirmə işlərinin sürətləndirilməsinin vacibliyini qeyd edir. Bu məsələdə isə ziyalıların, alimlərin, elm adamlarının üzərinə böyük məsuliyyət düşür. Biz dediklərimizə özümüz əməl etməklə insanlara nümunə ola bilərik. Tibbi maskalardan, dezinfeksiya vasitələrindən istifadə etməklə, sosial məsafəni saxlamaqla həm özümüzü, həm də ətrafımızdakı insanları infeksiyaya yoluxmaqdan qorumuş olarıq. Yaranmış vəziyyətin aradan qaldırılması üçün hökumət tərəfindən vətəndaşları virus təhlükəsindən qorumaq işində mühüm qərarlar qəbul olunub. Vətəndaşlarımızın müvafiq qaydalara riayət etməklə daha çox məsuliyyətli olması pandemiya ilə mübarizənin müsbət sonluqla nəticələnəcəyinə imkan verəcək.

“Koronavirus pandemiyası dövründə bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da tətbiq olunan onlayn fəaliyyət imkan verdi ki, evdə qalsaq da işdən, elmdən-təhsildən qalmayaq. Rəhbərlik etdiyim Aşqarlar Kimyası İnstitutu alimlərinin bu ilin birinci yarısının hesabat nəticələrinə nəzər yetirdikdə bunun bir daha şahidi oluruq. Əməkdaşlarımız onlayn formada beynəlxalq konfranslarda iştirak ediblər, virtual elmi müzakirələrə qoşulublar, distant təhsillə kadr hazırlığına cəlb olunublar, elmi məqalələr dərc etdiriblər”, -deyə akademik Vaqif Fərzəliyev fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.