ELM VƏ TƏHSİL
Akademik Rafael Hüseynov: Bu gün bayrağımız dünyanın mötəbər təşkilatlarının binaları önündə dalğalanır
Bakı, 17 noyabr, P.İmanova, AZƏRTAC
Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Yüz yaşlı istiqlalımızla ucalan bayrağımız” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov 17 noyabr - Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışıb, bu günün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğunu vurğulayıb.
Milli Dirçəliş Gününün xalqımızın həyatında mühüm rol oynadığını qeyd edən akademik bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin keçmiş sovet əsarətinə, ayrı-seçkilik siyasətinə qarşı vahid xalq hərəkatında birləşməsindən və Azərbaycanın müstəqilliyinin bərpa olunmasından otuz ilə yaxın vaxt ötür.
R.Hüseynov deyib: “1980-ci illərin sonunda Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatı başlandı. Xalqımız keçmiş SSRİ-nin hər yerində olduğu kimi meydanlara axışmağa başladı. Yetmiş il Sovet rejimində yaşayan xalqlar öz azadlıq və istiqlalı, müstəqillik uğrunda mübarizəyə başladı. 1988-ci il noyabrın 17-də milyonlarla insan mənfur düşmənin torpaq iddialarına və SSRİ rəhbərlərinin də bu separatçı qüvvələri dəstəkləmələrinə kəskin etiraz edərək Azadlıq Meydanına axın etdi. Lakin qəddarcasına axıdılan qanlara, bütün silahlı tədbirlərə baxmayaraq Azərbaycan xalqı müstəqillik idealından geri çəkilmədi, istiqlal bayrağına yenidən qovuşdu. Yalnız 1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonra müstəqilliyimiz yenidən bərpa olundu. Mənəvi əsasları milli özünüdərkə söykənən bu tarixi yol, başlanğıcını hələ XX əsrin 60-cı illərindən götürərək sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb”.
Bu gün Azərbaycanın regionda lider dövlətə çevrildiyini deyən akademik R.Hüseynov bayrağımızın dünyanın ən mötəbər təşkilatlarının binaları önündə dalğalandığını söyləyib.
Muzeyin direktoru istiqlal tariximizin bu şanlı səhifəsinin təhsil ocaqlarında hərtərəfli tədris olunmasının, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini vurğulayıb, bu tarixi günün gəncliyin həyatındakı mühüm rolunu diqqətə çatdırıb. Bildirilib ki, hər bir xalq üçün müstəqil olmaqdan böyük xoşbəxtlik yoxdur.
Sonra Bakının müxtəlif ümumtəhsil məktəblərinin şagirdləri, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi üzvləri bayraq və vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.