ELM VƏ TƏHSİL


Akademik Rafael Hüseynov “Nizami və musiqi” beynəlxalq konfransında çıxış edib

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami və musiqi” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, Rafael Hüseynov dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğunu vurğulayıb, sənətkarın parlaq irsindən danışıb. Akademik görkəmli mütəfəkkir Nizami Gəncəvinin çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğunu bildirib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin nizamiçiliyə və ümumilikdə azərbaycançılığa verəcəyi töhfələrdən bəhs edib.

Onlayn formatda təşkil olunmuş konfransa Azərbaycan, Avstriya, Almaniya və Türkiyədən 30-a yaxın tədqiqatçı qatılıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova konfransın əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Nizami poeziyasının təsiri ilə şairin poemaları və qəzəlləri əsasında opera, balet, simfonik poema, oratoriya, romanslar bəstələnib.

Tədbirdə “Nizami yaradıcılığında musiqi”, “Nizami Gəncəvi: musiqi alətləri (praktiki və nəzəri kontekstdə)”, “Erkən orta əsrlər dövrünün ünlü ortaq türk alimləri – Fərabi, İbn Sina və Nizami Gəncəvinin musiqi və musiqi tərbiyəsi haqqında fikirləri”, “Nizami Gəncəvi poeziyası Azərbaycandakı dağ yəhudilərinin yaradıcılığında”, “Nizami obrazları Şərq xalça sənətində”, “Səhnə əsərlərində Nizami Gəncəvi obrazı” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.