ELM VƏ TƏHSİL
Akademik Rafael Hüseynov Siyasi Psixologiya Mərkəzində tələbələrə mühazirə oxuyub
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Siyasi Psixologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Siyasi Psixologiya Məktəbində tələbələrə “Milli dil, milli düşüncə və milli ideal” mövzusunda mühazirə oxuyub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, R.Hüseynov çıxışında milli düşüncə konsepsiyası və azərbaycançılıq ideologiyasından, eləcə də azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.
Sonra alim ali məktəb tələbələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən gənclərin suallarını cavablandırıb.
Akademik R.Hüseynov müzakirələrdə iştirak edən, geniş dünyagörüşü və maraq dairəsinə malik gənc mütəxəssislərin bilik və zövq səviyyəsini yüksək qiymətləndirib. Alim belə bir işıqlı, savadlı gəncliyin yetişməsində Siyasi Psixologiya Mərkəzinin təsisçisi və direktoru, professor Səməd Seyidovun təqdirəlayiq töhfəsi olduğunu bildirib.
Qeyd edək ki, Siyasi Psixologiya Mərkəzi ölkədə siyasət və psixologiya arasında əlaqəni araşdıran ilk təşkilatdır. Bu qurum insanların öz bilik və bacarıqlarından istifadə etməklə şəxsiyyətin hərtərəfli inkişafına kömək etmək məqsədini daşıyır.
Gənc mütəxəssislər mərkəzə mütəmadi dəvət olunan görkəmli alimlər, ictimai xadimlər və siyasətçilərlə görüşür, maraqlı mühazirələri dinləmək imkanı əldə edirlər. Həmçinin tələbələrə beynəlxalq təcrübə və vərdişlərin aşılanması məqsədilə vaxtaşırı Avropa Şurası Parlament Assambleyasının sessiyalarını bilavasitə izləmək, Strasburqa, Avropa Evinə ezamiyyətə getmək imkanı yaradılır.