ELM VƏ TƏHSİL


Akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilib

Bakı, 7 iyun, AZƏRTAC

Görkəmli coğrafiyaçı-alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Məzarın ətrafına AMEA Rəyasət Heyəti və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. Elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb.

Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirib. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. O, 2012-ci ildən AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru idi. 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildən isə AMEA-nın həqiqi üzvü idi. Alimin rəhbərliyi ilə 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb.

Akademik Ramiz Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.