ELM VƏ TƏHSİL
“Akademik Ramiz Məmmədov haqqında xatirələr” kitabının təqdimatı olub
Bakı, 30 sentyabr, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Akademik Ramiz Məmmədov haqqında xatirələr” kitabının təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə Coğrafiya İnstitutunun əməkdaşları, alimin həmkarları, tələbələri, ailə üzvləri iştirak edib.
Əvvəlcə akademikin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İnstitutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov Ramiz Məmmədovun elm tarixində tutduğu mövqeyi, coğrafiya elminin inkişafındakı rolu və Azərbaycan elminə verdiyi töhfələr, Xəzər dənizi ilə bağlılığı, Coğrafiya İnstitutundakı və pedaqoji fəaliyyəti haqqında danışıb.
“Ramiz müəllim bir elm fədaisi idi. Müstəqilliyin ilk illərində yaranan çətinliklərə baxmayaraq o, qısa müddətdə coğrafiya elminin əvvəlki şöhrətini özünə qaytardı. Əsasən Xəzərin tədqiqi ilə məşğul olsa da, ümumiyyətlə, coğrafiyanın inkişafı üçün daim çalışıb, onlarca xəritə və monoqrafiyanın, yüzlərlə elmi məqalənin müəllifidir. Kitabları ABŞ-da, Moskvada, Brüsseldə, Tehranda, Tbilisidə, Kanadada və digər ölkələrdə nəşr olunub. Onun rəhbərliyi ilə “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyi Dövlət Mükafatına layiq görülüb”, - deyə Zakir Eminov qeyd edib.
İnstitutun direktoru akademikin xarici əlaqələrindən bəhs edərkən, onun 20-dək beynəlxalq layihənin rəhbəri və həmrəhbəri olduğunu, qabaqcıl ölkələrin alimlərinin iştirak etdiyi müsabiqələrdə qalib olmuş bir azərbaycanlı kimi qürur duyduğunu xüsusi vurğulayıb.
Zakir Eminov mərhum akademikin gənc kadrların yetişməsindəki əməyindən, elmi tədqiqatların aparılmasında, eləcə də xəritələrin tərtibində müasir texniki vasitələrdən istifadəyə geniş yer ayırmasından, Azərbaycan Coğrafiya Cəmiyyətinə rəhbərliyindən danışıb. Gənc nəsillərin hələ üzün illər alimin əsərlərindən bəhrələnəcəyini qeyd edən institut rəhbəri tədbir iştirakçılarını alim haqqında lentə alınmış bir neçə qısametrajlı filmlərdən birinə tamaşa etməyə dəvət edib.
Filmin nümayişindən sonra tədbirin iştirakçıları akademik Ramiz Məmmədov haqqında xatirələrini bölüşüblər.
Sonda mərhumun həyat yoldaşı Xasiyət xanım tədbirin təşkilinə görə ailə üzvləri adından institut rəhbərliyinə təşəkkürünü bildirib.