ELM VƏ TƏHSİL
Akademik Rasim Əliquliyev: Azərbaycan alimləri dördüncü sənaye inqilabı ilə bağlı mühüm tədqiqatlar aparıb
Bakı, 28 fevral, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, elmi müəssisənin direktoru, akademik Rasim Əliquliyev dördüncü sənaye inqilabının aktuallıq kəsb edən məsələlərdən olduğunu, bu istiqamətdə müxtəlif yanaşmalara dair müzakirələr aparılmasının vacibliyini qeyd edib.
Sonra institutun direktor müavini Şakir Mehdiyev “Dördüncü sənaye inqilabı: tarixi, müasir vəziyyəti və gələcəyə baxış” mövzusunda çıxış edib. O, dördüncü sənaye inqilabının fiziki, rəqəmsal, bioloji klasterləri, dünya ölkələrində dördüncü sənaye inqilabı ilə bağlı qəbul edilmiş konsepsiyalar haqqında məlumat verib. Qeyd edib ki, ABŞ-da “Advanced Manufacturing Partnership”, Yaponiyada “Industry 4.1J”, “Super-smart society, Society 5.0”, Çin Xalq Respublikasında “Made in China 2025”, Cənubi Koreyada “Manufacturing Industry Innovation 3.0” və digər bu kimi konsepsiyalar ölkələrin istehsal sənayesini modernləşdirmək məqsədi ilə qəbul edilib.
Dördüncü sənaye inqilabının yaratdığı risklər barədə danışan məruzəçi bildirib ki, inkişaf proseslərinin sürətlənməsi nəticəsində köhnə tənzimləmə metodları yeni texnologiyalarla ayaqlaşmır, məlumatlar milli şirkətlər deyil, qlobal sosial şəbəkələr vasitəsilə toplanır. Bundan əlavə, yeni texnologiyalar bir neçə nüfuzlu korporasiyaların əlində cəmlənərək onlara bazara öz şərtlərini diktə etməyə imkan verir, dəyişikliklərin faydaları nisbətən kiçik elita arasında toplanır və bərabərsizliyi daha yüksək səviyyəyə çatdırır.
Bildirilib ki, fiziki sistemlərin internetə inteqrasiyası nəticəsində kiberhücumlara qarşı həssaslıq, son 50 ildə şirkətlərin orta ömrünün 60 ildən 18 ilədək azalması, müəyyən peşə fəaliyyəti sahələrinin insanların təsir dairəsindən robotlara keçməsi dördüncü sənaye inqilabının yaratdığı risklər sırasına daxildir.
Sonda akademik R.Əliquliyev çıxışa dair fikirlərini bölüşüb. Azərbaycan alimlərinin 1950-60-cı illərdən başlayaraq mühüm nəticələr əldə etdiklərini, dünya elminə töhfələr verdiklərini vurğulayıb. Qeyd edib ki, ölkəmizdə dördüncü sənaye inqilabı ilə bağlı araşdırmalar davam etdirilməli və ictimaiyyətə bu barədə məlumat verilməlidir.