ELM VƏ TƏHSİL


Akademik Rasim Əliquliyev: Dil millətin varlığı, sərvəti və mədəniyyətidir

Bakı, 20 fevral, AZƏRTAC

Dil millətin varlığı, sərvəti və mədəniyyətidir. Hazırda qlobal dünyada elə proseslər gedir ki, bəzi dillər daha çox istifadə olunur, nisbətən geniş yayılmayan dillər isə sıradan çıxmaq üzrədir. Müasir dövrdə bu məsələ ilə bağlı dünyada ciddi narahatlıq mövcuddur, bir çox dövlətlər və alimlər həyəcan təbili çalır. Bəzi xalqlar özünün identikliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Cəmiyyətdə multikultural və multilinqual (çoxdilli) mühitin formalaşması, ayrı-ayrı xalqların dillərinin qorunması, həmin dillərdə təhsilin həyata keçirilməsi müasir dövrdə aktuallıq kəsb edir.

İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, elmi müəssisənin direktoru, akademik Rasim Əliquliyev institutun 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminarında çıxışında deyib.

Akademik R.Əliquliyev Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və rəsmən tanınmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb, Ulu Öndərin Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söyləyib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dilimizin inkişafı, orijinallığının qorunub saxlanılması və nüfuzunun yüksəldilməsinə xüsusi diqqət göstərir, bu sahədə məqsədyönlü siyasət aparır, bir sıra fərman və sərəncamlar imzalayır. Dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar və alimlər qarşısında bir sıra mühüm vəzifələr qoyulub.

R.Əliquliyev Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin nəzəri əsasları, tarixi və mövcud vəziyyəti, dilin qorunması və zənginləşdirilməsi ilə bağlı tədqiqatlar aparıldığını, bir sıra mühüm nailiyyətlər əldə olunduğunu nəzərə çatdırıb.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi qurumun da Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı aparılan tədqiqatlara elmi dəstək verdiyini qeyd edib. Bu istiqamətdə İnformasiya Texnologiyaları və Nəsimi adına Dilçilik institutlarının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Milli Terminoloji İnformasiya Sisteminin və terminologiya.az veb-portalının hazırlandığını xatırladıb.

Akademik qeyd edib ki, dilin qorunması tək dilçinin deyil, həm də hüquq, informasiya texnologiyaları və digər sahədən olan mütəxəssislərin, alimlərin vəzifəsidir. Azərbaycan dilinin təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşın mühüm vəzifəsi olmalıdır. Dilimizə müdaxilələrin artdığı, çoxlu yad sözlərin daxil olduğu bir dövrdə milli terminoloji bazamız üçün müəyyən təhlükələrin yarandığını qeyd edən institut direktoru bu kimi problemlərin qarşısının alınması, dilimizin mühafizə edilməsi məqsədilə intellektual proqramların hazırlanmasının zəruriliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.