ELM VƏ TƏHSİL


Akademik Rasim Əliquliyev GEANT Assosiasiyasının Baş Assambleyasının və “TNC22” beynəlxalq konfransının iclaslarında iştirak edib

Bakı, 1 iyul, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev İtaliyanın Triest şəhərində keçirilən “Terena Networking Conference” (TNC22) (Terena Şəbəkə Konfransı) beynəlxalq konfransı və GEANT Assosiasiyasının Baş Assambleyasının iclaslarında iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq son 2 ildə onlayn rejimdə keçirilən konfrans bu dəfə hibrid formatda təşkil olunub. Tədbirdə 69 ölkədən 735 mütəxəssis iştirak edib, 500-dən çox iştirakçı isə konfransa onlayn qoşulub. Beş gün davam edən konfransda iştirakçılara elmi və texniki sahə ilə yanaşı, tətbiqi və idarəetmə sahələri üzrə tədqiqat şəbəkələrinin ən son nailiyyətləri barədə məlumat təqdim edilib, xüsusi maraq qruplarının interaktiv seminarları keçirilib və müxtəlif sərgilər təşkil olunub.

Konfrans çərçivəsində təşkil edilmiş sərgilərdə iştirak edən akademik Rasim Əliquliyev müvafiq təşkilatlar tərəfindən təqdim edilən xidmətlərlə tanış olub. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun müvafiq qurumlarla əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

GEANT Assosiasiyası tərəfindən təşkil olunan “TNC22” beynəlxalq konfransı Avropa elm və təhsil şəbəkələri üzrə ən böyük və nüfuzlu konfrans hesab edilir. Hər il keçirilən konfransda 800-dən çox mütəxəssis iştirak edir. Konfrans Avropanın bütün aparıcı şəbəkə təşkilatlarını, ali təhsil müəssisələrini, şəbəkə mütəxəssislərini, ekspertləri, eləcə də sənaye nümayəndələrini bir araya gətirir. Növbəti “Terena Networking Conference” beynəlxalq konfransının 2023-cü il 4-9 iyun tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində keçirilməsi nəzərdə tutulur.

Akademik Rasim Əliquliyev, həmçinin GEANT Assosiasiyasının Baş Assambleyasının iclasında iştirak edib. İclasda üzvlük məsələləri barədə məlumat verilib, o cümlədən 2021-ci il üzrə illik və maliyyə hesabatı təsdiq olunub. Əqli mülkiyyət hüquqları sahəsində siyasət və Avropa İttifaqı ilə əlaqələr üzrə son yeniliklər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev sentyabrın 28-29-da Bakıda keçiriləcək “EaPEC 2022” beynəlxalq konfransının təşkilat komitəsinin GEANT Assosiasiyası tərəfindən müəyyən olunmuş üzvləri, konfransın təşkili ilə bağlı görülmüş işlər, sessiya mövzuları, eləcə də konfransa qədər həyata keçirilməsi zəruri olan digər təşkilati məsələlər barədə məlumat verib və iclasda iştirak edən aparıcı alim və mütəxəssisləri konfransda iştiraka dəvət edib.

Qeyd edək ki, GEANT Avropanın 36 Milli Elm və Təhsil Şəbəkəsini birləşdirən assosiasiyadır. GEANT Assosiasiyasında və onun tərəfdaş olduğu layihələrdə Azərbaycanı müvafiq dövlət qurumlarının (AMEA, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi) rəsmi dəstəyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu təmsil edir.

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə regional şəbəkənin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası “EaPConnect” (Eastern Partnership Connect) layihəsini maliyyələşdirməyə qərar verib. Layihənin əsas hədəfi Şərq Tərəfdaşlığı regionundakı bütün ölkələri əhatə edən elektron elm infrastrukturu yaratmaq və bu regionda yaşayan və fəaliyyət göstərən alim, gənc tədqiqatçı, müəllim və tələbələrə Avropa İttifaqı ilə daha da sıx əməkdaşlıq imkanları təqdim etməkdir. “EaPEC 2022” beynəlxalq konfransı “EaPConnect” layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) elm və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunur.

GEANT Assosiasiyası ilə sıx əməkdaşlıq edən İnformasiya Texnologiyaları İnstitutu milli elm və təhsil şəbəkəsi olan “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin inkişafına nail olub. Hazırda “AzScienceNet” elektron infrastrukturu vasitəsilə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarına qabaqcıl şəbəkə texnologiyaları və xidmətləri təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.