ELM VƏ TƏHSİL
Akademik Rasim Əliquliyev: İnstitutun əsas fəaliyyət istiqamətlərindən biri də gənclərlə məqsədyönlü işlərin aparılmasıdır
Bakı, 7 iyun, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bu qurumda vaxtilə çalışmış, hazırda isə öz fəaliyyətini xarici ölkələrdə davam etdirən gənc əməkdaşlarla onlayn görüş keçirib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, görüşdə elmin inkişafında gənclərin rolundan və onlara dəstək göstərilməsinin vacibliyindən bəhs edilib.
Akademik 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbədən danışıb, Azərbaycan gəncinin öz sözünü deyərək tarixi missiya həyata keçirdiyini, vətənpərvərliyi ən yüksək səviyyədə bütün dünyaya nümayiş etdirdiyini bildirib.
Alim, eyni zamanda, ölkəmizin intellektual potensialının səfərbər olunması, Azərbaycan elmi diasporunun formalaşması və inkişafında hər kəsin fəal iştirakının son dərəcə zəruri olduğunu, İnformasiya Texnologiyaları İnstitutunun 50 illik yubileyi ərəfəsində bu müəssisənin də elmi diasporunun formalaşması məsələsinin aktuallıq kəsb etdiyini söyləyib. O, müvafiq istiqamətdə fəaliyyət göstərən istedadlı gənclərə qayğı və dəstək göstərilməsi, birgə intellektual fəaliyyətin təşkili, ortaq layihələrin həyata keçirilməsinin müsbət nəticələr verəcəyinə inamını ifadə edib: “İnstitutda fəaliyyət göstərən gənc alim və mütəxəssislərin nüfuzlu beynəlxalq elm və təhsil mərkəzlərində həyata keçirilən layihələrdə iştirak etməsi, xaricdə fəaliyyət göstərən həmkarlarımızın bu işə cəlb olunması, eləcə də onların vasitəsilə təhsil aldıqları ali məktəblərlə əlaqələrin qurulması, virtual texnologiyaların imkanlarından istifadə etməklə birgə konfransların təşkili institutun dünya elminə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır”.
Akademik R.Əliquliyev Elmi şura üzvlərini, şöbə rəhbərlərini və bütövlükdə institutun kollektivini bu istiqamətdə fəaliyyəti inkişaf etdirməyə, xaricdə fəaliyyət göstərən həmkarlarımızla münasibətləri bərpa etməyə, yeni təşəbbüslər irəli sürməyə çağırıb.
“Yüksəkkeyfiyyətli insan resursları ən böyük sərvətimizdir”, - deyən alim Azərbaycan mədəniyyətinin daşıyıcısı olan istedadlı gənclərin yetişdirilməsi, onlara qayğı və dəstək göstərilməsinin əhəmiyyətini önə çəkib. İnstitutun əsas fəaliyyət istiqamətlərindən birinin də gənclərlə məqsədyönlü işlərin aparılması olduğunu diqqətə çatdırıb.