ELM VƏ TƏHSİL


Akademik Rasim Əliquliyev elektron elmin inkişafına dair bir sıra təkliflər irəli sürüb

Bakı, 17 yanvar, AZƏRTAC

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında ölkəmizdə e-elmin formalaşdırılması vəziyyəti və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məruzəçi ölkəmizdə tətbiqi elektron elmin formalaşdırılmasını sürətləndirməyin zərurətindən danışıb.

R.Əliquliyev e-Azərbaycanın, onun mühüm tərkib hissəsi olan e-elmin formalaşması və inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıb. Bu istiqamətdə reallaşdırılan tədbirlərin konseptual və normativ-hüquqi bazasını təşkil edən rəsmi dövlət sənədlərini diqqətə çatdırıb.

Akademik-katib, həmçinin Azərbaycanda və beynəlxalq miqyasda e-elmə dəstək verən təşkilatlar haqqında məlumat verib, e-elmin inkişafı sahəsində dünya ölkələrinin təcrübəsindən danışıb.

Alim e-elmin texnoloji platforması olan AzScienceNet Elm Kompüter Şəbəkəsinin imkanlarından bəhs edərək bildirib ki, bu şəbəkə AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli, çoxsaylı internet xidmətləri göstərməklə GEANT-ın (Avropa elm və təhsil şəbəkəsi) üzvü və EaPConnect (Şərq tərəfdaşlığı üzrə regional elm şəbəkəsi) layihəsinin tərəfdaşı kimi elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirir.

Məruzəçi AMEA üzrə e-elmin əsas indikatorlarından da danışıb, akademiya üzrə korporativ e-poçt sisteminin yaradıldığını, Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının və problemlər üzrə elmi şuraların veb-saytlarının hazırlandığını, distant tədrisin, Rəyasət Heyətinin iclaslarının, həmçinin ElmTV-nin onlayn yayımının həyata keçirildiyini qeyd edib.

Akademik R.Əliquliyev rəhbərlik etdiyi institutun Tədris-İnnovasiya Mərkəzində son illər ərzində 20 minə yaxın elektron-tədqiqatçının hazırlandığını, AMEA üzrə Viki Mərkəz və qrupların fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Alim, həmçinin Milli GRİD Mərkəzinin Beynəlxalq Nüvə Tədqiqatları mərkəzlərinə, AzScienceNet şəbəkəsinin isə GEANT şəbəkə infrastrukturuna inteqrasiyası istiqamətlərində işlərin görüldüyünü, AzScienceNet şəbəkəsi və Azərbaycan Təhsil Şəbəkəsi olan AzEduNet arasında əməkdaşlıq əlaqələrinin genişləndirildiyini vurğulayıb. Həmçinin AMEA üzrə internet istifadəçilərinin sayının və internet trafikinin inkişaf dinamikasını da təqdim edib.

Sonda R.Əliquliyev e-elmin formalaşdırılması üçün qarşıda duran vəzifə və problemlərdən danışıb. Onun sözlərinə görə, bu məqsədlə e-elm üçün informasiya resursları yaradılmalı, e-elmin şəbəkə infrastrukturu genişləndirilməli, milli elektron kitabxanalar şəbəkəsi yaradılmalı, milli antiplagiat sistemi hazırlanmalı, beynəlxalq elmi bazalara inteqrasiya təmin olunmalı, e-elmin elmi-nəzəri problemləri araşdırılmalıdır. Məruzəçi bunlarla yanaşı, qeyd edib ki, GEANT-a inteqrasiyanın sürətləndirilməsi və virtual elmi cəmiyyətlərin yaradılması, İKT-nin müxtəlif elm sahələrində tətbiqi üçün multidissiplinar ixtisaslar üzrə kadr hazırlığı, elmmetrik qiymətləndirmələr üçün intellektual-analitik sistemin yaradılması, dissertasiya şuralarının iclaslarının onlayn yayımı və elektron arxivləşdirilməsi, bu sahədə normativ-hüquqi bazanın yaradılması, eləcə də e-elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramının hazırlanması zərurəti qarşıda duran vacib məsələlərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.