ELM VƏ TƏHSİL
Akademik Şahin Mustafayev: “Azərbaycan İpək Yolu üzərində” fundamental monoqrafiyanın Azərbaycan dilində nəşri planlaşdırılır
Bakı, 5 fevral, AZƏRTAC
2020-2021-ci illərdə elmi rəhbərliyim ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi həyata keçirildi. Layihənin icrası nəticəsində bir sıra tanınmış arxeoloq və tarixçilərimizin həmmüəllifliyi ilə ingilis və rus dillərində “Azərbaycan İpək Yolu üzərində” adlı fundamental monoqrafiya nəşr olunub. Bu günlərdə monoqrafiyanın Azərbaycan dilində də tərcüməsinin çap olunması nəzərdə tutulub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri akademik Şahin Mustafayev məlumat verib. O bildirib ki, monoqrafiyada təkcə Azərbaycan elmində deyil, dünya elmində ilk dəfə olaraq Azərbaycan tarixinin təxminən 1700 illik dövrü İpək Yolu və ticarət-karvan yollarının inkişafı kontekstində tədqiq olunub.
“Son illərdə daha çox İpək Yolu problemləri ilə məşğul oluram. Bu problemlər UNESCO-nun dəstəyi ilə dərindən tədqiq olunub. Bu məqsədlə UNESCO-nun bir sıra layihələrində iştirak etmişik. Hazırda bu istiqaməti Azərbaycanda da davam etdirirəm”, - deyə akademik bildirib.