REGİONLAR


Akademik Tariyel Talıbovun 70 illik yubileyi qeyd olunub

Naxçıvan, 23 fevral, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində Əməkdar elm xadimi, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun 70 illik yubileyi qeyd olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Tariyel Talıbovun mənalı ömür yoluna, zəngin elmi-pedaqoji fəaliyyətinə nəzər salıb. Bildirib ki, görkəmli alim bütün ömrünü Naxçıvan Muxtar Respublikasının flora və fauna biomüxtəlifliyinə, müasir vəziyyətinə, nadir, endemik, nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinə, onların səmərəli istifadə olunması və mühafizəsinə həsr edib.

Akademik diqqətə çatdırıb ki, Tariyel Talıbov səmərəli fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, AMEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilib, Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Yubiley qızıl medalı”na, AMEA-nın Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunub.

Sonra İsmayıl Hacıyev çoxillik və səmərəli fəaliyyətinə görə Tariyel Talıbova bölmənin fəxri fərmanını təqdim edib.

Tədbirdə AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Saleh Məhərrəmov, Əliəddin Abbasov, Əbülfəz Quliyev və biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov alimi 70 illik yubileyi münasibətilə təbrik edib, onun elmi fəaliyyətindən ətraflı söhbət açıblar.

Yubilyar çıxış edərək əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə alimin elmi fəaliyyətini əks etdirən videoslayd nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.